Yuxarı
    Bağlamaq

    Faiq Qarayev: "Komandamla fəxr edirəm"

    Mənə düşən pul mükafatını verəcəyəm ki, öz aralarında bölüşdürsünlər

    Bakı. 18 may. REPORT.AZ/ "Belə möhtəşəm yarışda iştirak etmək arzumuz idi. Hər kəs voleybolda qızıl medal gözləyirdi. Baxmayaraq ki, əsas oyunçularımızın 4-ü çıxış etmirdi". 

    Bunu "Report"a açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan voleybolçu qadınlardan voleybolçulardan ibarət milli komandasının baş məşqçisi Faiq Qarayev deyib. O bildirib ki, itkilərlə əlaqədar komandada həyəcan olub: "Natalya Məmmədova Yaponiyadan yeni qayıdıb və sabah Bakıda olacaq. Orta sahə oyunçusu Olena Həsənova çox ciddi zədə alıb. Dispetçer Şəfaqət Həbibova ayağından əməliyyat olunub. Valeriya Korotenkonun ciddi zədəsi var idi. İynə vurdurub oyuna çıxdı. Çünki komandaya lider oyunçu lazım idi. Yəni, tam heyətlə oynamırdıq. Daha dəqiqi, keçən il Avroliqanın qalibi olan heyətdən llk "altılıq"da 4 nəfər oynamırdı. Gənclərə də şans vermişdik. Ona görə də çətinliklərimiz və həyəcan var idi". 

    Təcrübəli mütəxəssis doğma publika qarşısında qızıl medal qazanmalarından məmnunluq ifadə edib. O, finalda Türkiyə yığması ilə görüşün asan alınmadığını vurğulayıb: "Birinci setdə çox asan qalib gəldik. Halbuki, çətinliklə qələbə qazansaydıq, sonrakı set asan keçərdi. Üçüncü setdə vəziyyəti xeyrimizə həll edə bildik. Ümumilikdə oyun gözəl keçdi. Bilirik ki, Türkiyə güclü rəqibdir. Ona görə də xoşbəxtik ki, öz vətənimizdə qızıl medal qazandıq. Voleybolu Azərbaycanda sevirlər. Hətta Azərbaycana voleybol ölkəsi deyirlər. Çünki qadınlardan ibarət komandaların uğurları çoxdur. Komandamla fəxr edirəm".

    F.Qarayev qarşıdakı planlardan da danışıb: "10 gündən sonra dünya çempionatı üçün seçmə yarışları var. İyuldan Avropa çempionatına hazırlıqlarına başlayacağıq. Yəqin ki, onda tam heyətlə oynaya biləcəyik. Tədbirlər görülür, işlər gedir. 3 gündən sonra komanda Bolqarıstana yola düşür. Yığmamız orada Bolqarıstanın 4 komandası ilə görüş keçirib ayın 28-də Bakıya qayıdacaq. Sevinməyə də heç vaxtımız yoxdur".

    Təcrübəli mütəxəssis qızıl medal müqabilində məşqçilərə veriləcək mükafatı öz köməkçilərinə və komandanın həkimlərinə verəcəyini açıqlayıb: "Mənə düşən mükafatı köməkçi-məşqçilərə, həkimlərə və digər texniki personala verəcəyəm ki, öz aralarında bölüşdürsünlər. Çünki onlar gənc məşqçidirlər. Bu da onlara stimul olacaq. Federasiyanın prezidenti Cavid Qurbanov da yəqin ki, öz tərəfindən idmançıları və məşqçiləri təbrik edəcək. Çünki o, voleybol üçün çox şey edir".

    Sonda baş məşqçi kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasını da təbrik edib: "Onlar İslamiadada 4 oyundan 4 qalibiyyət əldə ediblər. Yarımfinalda Əlcəzairlə oynayacaqlar. Qalib gəlsələr, onlar da qızıl medala iddia edə bilərlər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi