Yuxarı
    Bağlamaq

    ​Elmar Qasımov: Finaldakı rəqibim elə də dəhşətli dərəcədə güclü deyildi - MÜSAHİBƏ

    Yarımfinalda qarşılaşdığım ukraynalı rəqibimədək hər şey qaydasında gedirdi

    Bakı. 12 avqust. REPORT.AZ/ "Bura olimpiya çempionluğu üçün gəlmişdim. Bir az yorğunluq var idi. Amma burada 2 həftə qaldıqdan və istirahət etdikdən sonra görüşlərə tam hazırlıqlı çıxmışdım. İlk görüşlərimdə fiziki və texniki hazırlığım normal idi. Yarımfinalda qarşılaşdığım ukraynalı rəqibimədək hər şey qaydasında gedirdi".

    "Report" xəbər verir ki, bu sözləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan cüdoçusu Elmar Qasımov (100 kq) çexiyalı Lukas Krpaleklə final qarşılaşmasından sonra Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın suallarını cavablandırarkən deyib.

    - Olimpiya mükafatçısı olmağın münasibətilə səni təbrik edirik. Görüşlərin necə keçdi?

    - Bura olimpiya çempionluğu üçün gəlmişdim. Bir az yorğunluq var idi. Amma burada 2 həftə qaldıqdan və istirahət etdikdən sonra görüşlərə tam hazırlıqlı çıxmışdım. İlk görüşlərimdə fiziki və texniki hazırlığım normal idi. Yarımfinalda qarşılaşdığım ukraynalı rəqibimədək hər şey qaydasında gedirdi. O, üstümə var gücü ilə gəldi. Bilirdi ki, 2-3 dəqiqə ərzində nəsə edəcəyi təqdirdə, məndən üstün ola bilər. O görüşdə var gücümlə vuruşdum. Ayaqlarımda ağrılar, əzələlərimin dartıldığını hiss etdim.

    - Bu rəqibi 2009-cu ildə İrəvanda 23 yaşadək cüdoçular arasında keçirilmiş Avropa çempionatının finalında məğlub etmişdin. Həmin görüşdəki rəqiblə indiki arasında hansı fərqi görürsən?

    - Eyni rəqibdir. Sadəcə, yaşımız artıb. Təbii ki, məndən daha çox artırıb. O görüşdən sonra bir neçə dəfə üz-üzə gəlmişik. Bir dəfə Avropa çempionatının, başqa vaxt isə "Masters" turnirinin finalında görüşmüşdük. Amma üstünlük məndə idi. Çünki daha çox mən qalib gəlmişdim. Amma hazırda elə də dəhşətli dərəcədə güclü deyildi. Digər tərəfdən, yarımfinal və final görüşləri arasında elə də böyük fərq yox idi. Bu da özünü həlledici görüşümdə büruza verdi.

    - Hazırda jurnalistlər sənin valideynlərinlə birgədirlər. Buradan Azərbaycana, valideynlərinə hansı mesajları verə bilərsən?

    - Təkcə bu nəticəyə görə yox, bütün nəticələrimə görə atama borcluyam. Məni o idmana qoyub, 2007-ci ildə ölkə miqyasında yer tutanadək çox dəstək verib. Atam dəstək olub, anam da həmçinin.

    - Avqustun 12-də Azərbaycanın cüdo növündə sonuncu təmsilçisi Uşangi Kokauri tatami üzərinə çıxacaq. Ondan nə gözləyirsən?

    - Kokaurinin çıxış etdiyi 100 kq-dan yuxarı çəkidə bir idmançı var ki, 2008-ci ildən sonra cəmi 2 dəfə uduzub. Kokaurinin çempionluq şansları azdır, amma yer tuta bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi