Yuxarı
    Bağlamaq

    Cavid Qurbanov: "Voleybolçuların dövlət himnini oxumalarından mən də təsirlənmişdim" - EKSKLÜZİV

    Avropa çempionatında milli komandamızdan yalnız qızıl medal gözləyirəm

    Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov kişi və qadınlardan ibarət milli komandaların "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarını dəyərləndirib. C.Qurbanov "Report"a açıqlamasında qadınlarla müqayisədə, kişi komandasının ikinci yeri tutmasını da yüksək qiymətləndirdiyini söyləyib. 

    "Qadın komandasının Faiq Qarayev kimi baş məşqçisi var və bu cür güclü voleybolçuları belə mütəxəssis yetişdirir. Lakin kişi komandası hələlik yenidir. Onlar üçün belə oyun birinci dəfədir və gümüş medal qazanmaları da böyük şeydir. İnanıram ki, gələcəkdə daha da yaxşı olacaq və daha da inkişaf edəcəklər” deyə o bildirib.

    AVF prezidenti mükafatlandırma mərasimində dövlət himnini qadın voleybolçulardan ibarət Azərbaycan yığması ilə birgə ifa etməsindən də danışıb. C.Qurbanovun fikrincə, hər bir azərbaycanlı dövlət himnini bilməli və onu ürəkdən oxumalıdır: "Əlbəttə, qızlarımızın Azərbaycan himnini ürəkdən və ucadan oxumalarından mən də təsirlənmişdim. Çünki qalib gəlmək yaxşı hissdir. Azərbaycanın qələbəsi hər şey deməkdir”. 

    Federasiya rəhbəri 22 sentyabr - 1 oktyabrda Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatında voleybolçu qadınlardan ibarət yığmadan yalnız qızıl medal gözlədiyini də əlavə edib. 

    Qeyd edək ki, İslamiadada Fərid Cəlalovun baş məşqçi olduğu kişilərdən ibarət voleybol millisi finalda İran yığmasına 0:3 hesabı ilə uduzaraq, ikinci yeri tutub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi