Yuxarı
    Bağlamaq

    ​Azərbaycanlı üçqat Avropa çempionu: "Hədəfim olimpiadada medal qazanmaqdır"

    Yure Meqliç: İnanıram ki, bu, mənim sonuncu olimpiadam olmayacaq

    Bakı. 10 may. REPORT.AZ/ Mayın 12-də Slovakiyanın Liptovski şəhərində kanoe-slalom növü üzrə Avropa çempionatı start götürəcək. "Report"un məlumatına görə, yarışda Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Yure Meqliç təmsil edəcək. 

    Sloveniya əsilli legioner çempionat ərəfəsində Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb. O, Avropa çempionatına hazırlıq barəsində məlumat verib. İlk lisenziyanın sahibi qitə turnirinin bu il ən böyük yarışı olacağını deyib və hədəflərindən danışıb: "Son hazırlıqlarımı Sloveniyada keçdim. Mayın 4-dək təlim-məşq toplanışında oldum. İlin əvvəlindən isə Avstriya, İspaniya, Fransa kimi ölkələrdə reqatalara qatıldım. Bunların birində 3-cü, bir başqasında 5-ci yeri tutdum. Avropa çempionatı bu il mənim ən böyük yarışım olacaq. Hədəflərimə gəlincə, ilk növbədə, finala yüksəlmək istəyirəm. Buna nail olsam, həlledici yürüşdə hər şey mümkündür. Bu ildən yürüşlər daha çox və sürətli olub. Ötən həftə bəzi xırda nüanslar üzə çıxdı ki, onları dəyişməliyəm. Amma ümidvaram ki, bunlara öyrəşmək üçün Avropa çempionatınadək vaxtımız olacaq. Ən önəmli məsələlərdən biri qayığı idarə edərkən, ayaqlardan daha çox yararlanmaqdır".

    Y.Meqliç yarışda rəqib sayıla biləcək yaxşı kanoe-slalomçuların olduğunu söyləyib: "Bilirəm ki, diqqətimi daha çox öz yürüşlərimə yönəltməli və başqa heç nə düşünməməliyəm. Amma Fransa, Almaniya, Polşa təmsilçiləri təhlükəlidirlər. Onların bir çoxu ilə məşqlərdə iştirak etmişəm. Fikrimcə, qələbəyə iddialı kanoe-slalomçuların sayı 15-20-dir".

    3 qat Avropa çempionu Rio-2016-dakı hədəflərindən söz açıb: "Hədəfim medal qazanmaqdır. Biz medal üçün məşq edirik. Olimpiya medalı mənim uşaqlıq arzumdur. Lakin bunun üçün yürüşlərim sürətli və səhvsiz olmalıdır. Bundan sonra medal üçün başqa nəyin lazım olduğunu görə bilərik. İnanıram ki, bu, mənim sonuncu olimpiadam olmayacaq. Gördüyüm işi sevirəm. İndi öyrəndiyimiz çalışmalarla növbəti illərdə də cəld ola bilərik. Ona görə də orqanizmimlə bağlı problemlərin ortaya çıxmayacağına ümidvaram. Yürüşlər zamanı daha çox cərimə xallarına səbəb olan səhvlərə yol verirəm. Olimpiadayadək 100 gündən az vaxt qalıb. Hazırda sürət və cərimə amilləri mənim üçün mühümdür. Amma inanıram ki, "Rio-2016"da kanoe-slalom yarışlarının başlayacağı avqustun 8-dək bunları aradan qaldıracağam".

    32 yaşlı idmaçı Azərbaycanda avarçəkmə növlərinin hazırkı durumundan da danışıb: "Mingəçevirdəki "Kür" Olimpiya Təlim-Tədris Mərkəzi akademik avarçəkmə və kayak-kanoe üçün həqiqətən də yaxşı məkandır. Slalom üçün isə bizə axar su lazımdır. Ümidvaram ki, günlərin birində bu da olacaq. Bəzi yürüşlərin həqiqətən də ölkəmiz Azərbaycanda olmasını istərdim". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi