Yuxarı
    Bağlamaq

    Azərbaycanın olimpiadalar tarixində yeni rekorda imza atılıb

    İdmançılar ən yüksək göstərici sayılan 10 medal həddini keçiblər

    Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycan Yay Olimpiya Oyunlarında özü üçün yeni medal rekordu müəyyən edib.

    "Report"un məlumatına görə, ölkə təmsilçiləri "Rio-2016"da 11-ci medalı rəsmiləşdiriblər.

    Bununla da ən yüksək göstərici sayılan London olimpiadasındakı 10 medal həddi keçilib.

    11-ci medalın sahibi qadın güləşçi Nataliya Sinişin olub. 53 kq. çəkidə çıxış edən ukraynalı legioner "Bakı-2015" I Avropa Oyunlarında olduğu kimi, "Rio-2016"da da bürünc medalçı olub.

    "Rio-2016"da cüdoçu Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), eləcə də qadın güləşçi Mariya Stadnik (48 kq) və kanoeçi Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) gümüş medal qazanıb. Yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), həmçinin, qadın güləşçi Nataliya Sinişin (53 kq), kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə), taekvondoçu Patimat Abakarova (49 kq) və boksçu Kamran Şahsuvarlı (75 kq) bürünc medala sahib çıxıb.

    Digər boksçu Lorenso Sotomayor (64 kq) ən azı bürünc medalı özünə təmin edib. Onun medalının hansı əyar olacağı yarımfinal döyüşündən sonra müəyyənləşə bilər. Yəni Sotomayor da Şahsuvarlı kimi uduzsa, bürünc medalı rəsmiləşdirəcək. Finala çıxacağı halda isə o, ən azı gümüş medalçı olacaq və çempionluq uğrunda mübarizə aparacaq.

    Qadın güləşçilər "London-2012"də də belə nəticə göstəriblər. 4 il öncə Stadnik gümüş medalçı olub, Yuliya Ratkeviç bürünc medal qazanıb. Bu dəfə Ratkeviç bürünc medalı son anda əldən verib, Nataliya Sinişin isə bu şansı qaçırmayıb.

    Azərbaycan "Atlanta-96"da 1, "Sidney-2000"də 3, "Afina-2004"də 5, "Pekin-2008"də 7, "London-2012"də 10 medal qazanıb. Rio-de-Janeyroda mükafat sayında artım tendensiyası davam etdirilib. 1992-ci ildə Barselonada olimpiya çempionları olan cüdoçu Nazim Hüseynovla idman gimnastı Valeri Belenki həmin vaxt MDB yığmasının heyətində çıxıb ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi