Yuxarı
    Bağlamaq

    Azərbaycan Boks Federasiyasının icraçı direktoru: "Teymur Məmmədov zəif çıxışı ilə bizi məyus etdi" - MÜSAHİBƏ

    Ermənilər Bakıya gəlməyəcəklərini deməklə növbəti təxribata əl atırlar

    Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Boks Federasiyasının icraçı direktoru Nağı Səfərovun "Report"a müsahibəsi:

    - Azərbaycan boksçularının Avropa Olimpiya Təsnifat Turnirindəki çıxışları barədə nə deyə bilərsiniz?

    - Boksçularımız çox yaxşı çıxış etdilər. Nəticələr dünya boksunda lider olduğumuzu göstərdi. 3 qızıl, 1 gümüş və 1 bürünc medalla yanaşı, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 5 lisenziya qazandıq. Ötənilki dünya çempionatında daha 3 lisenziya qazandığımızı nəzərə alsaq, artıq aktivimizdə 8 belə vəsiqə var. Bu göstəricidə Rusiya ilə birgə ilk 2 yeri bölüşürük. Qalan 5 lisenziyanı qarşıdakı yarışlarda əldə edəcəyimizə ümidvaram.

    - Olimpiadada tam heyətlə təmsil olunmaq üçün kişilər 3, qadınlar 2 çəkidə də lisenziya qazanmalıdırlar. Amma onların hərəyə cəmi bir şansı qalıb...

    - Kişi boksçuların lisenziya yarışı - Dünya Təsnifat Turniri iyunda Azərbaycanda təşkil olunacaq. Hazırda yarışın Bakıda yox, Qəbələdə təşkili gündəmdədir. Türkiyədə bu məsələ ətrafında müzakirələrimiz oldu. Beynəlxalq Həvəskar Boks Assosiasiyası bir neçə şərt irəli sürüb. Onları yerinə yetirməliyik. Yekun qərar isə yaxın vaxtlarda açıqlanacaq. Bu yarışda 49 kq-da finalçı olmalı, 75 kq və 81 kq-da isə ilk 5-liyə düşmək lazımdır. Qadınlar isə lisenziyaları Qazaxıstanın Almatı şəhərində keçiriləcək dünya çempionatında qazanmalıdırlar. Bunun üçün yarımfinaladək irəliləmək kifayətdir.

    - Avropa Qran Prisində lisenziya qazana bilməyən boksçulardan hansının çıxışı daha gözlənilməz oldu?

    - Təbii ki, Teymur Məmmədovun. O, zəif çıxışı ilə bizi məyus etdi. Teymurdan belə çıxış gözləmirdik. Lisenziya qazana bilməyən digər 2 kişi boksçumuzdan Rüfət Hüseynov əzmkar çıxışı ilə seçildi. Kamran Şahsuvarlının rəqibi isə güclü idi. Amma Məmmədov imkanlarından qat-qat aşağı nəticə göstərdi.

    - Teymur Məmmədov Azərbaycan çempionatında çıxış etmədiyi halda yarışa niyə aparılmışdı?

    - Onun nailiyyətlərini nəzərə alaraq, Samsunda iştirakına qərar verilmişdi. Hər halda Teymur Avropa çempionudur, ötən il Avropa Oyunlarının qalibi olub, beynəlxalq yarışlarda kifayət qədər yüksək nəticə göstərib. Amma bu dəfə ümidləri doğrultmadı.

    - Amma "Bakı 2015" istisna olmaqla, o, daha çox 91 kq çəki dərəcəsində medallar qazanıb...

    - 81 kq çəki dərəcəsində döyüşməyi özü istədi. Çünki real çəkisi 82-83 kq-dır. Özündən yuxarı çəkililərlə döyüşməkdənsə, bir neçə kq çəki salmağı məqsədəuyğun saydı.

    - Teymur Məmmədovla bağlı hansısa tədbirin görülməsi gözlənilir?

    - Təbii ki, onun məsələsi müzakirə olunacaq. Qərarı isə yığmamızın baş məşqçisi Pedro Rok verəcək. Ola bilər ki, Dünya Təsnifat Turnirinə hazırlıq üçün heyətə yeni boksçu cəlb edilsin.

    - Ermənistan Boks Federasiyası Dünya Təsnifat Turnirinə qatılmaq istəmədiklərini açıqlayıb...

    - Bu, onların növbəti təxribatıdır. Bilirlər ki, lisenziya qazana bilməyəcəklər. Hay-küy qaldırıb əlavə yer əldə etmək istəyirlər. Belə hallar dəfələrlə baş verib. Erməni boksu ölü vəziyyətdədir. Bunu Cavid Çələbiyevin Aram Avaqyan üzərində inamlı qələbəsi də sübut edir. Hər dəfə Azərbaycanda nüfuzlu yarış təşkil ediləndə ermənilər belə hay-küy qaldırırlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi