Bakı. 19 avqust. REPORT.AZ/ Rusiyalı idmançı, dayaqla hündürlüyə tullanma yarışlarında çıxış edən Yelena İsinbayeva Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İdmançılar Komissiyasına üzv seçilib.
"Report"un məlumatına görə, 5 185 idmançının iştirak etdiyi səsvermə nəticəsində İsinbayeva ilə yanaşı, almaniyalı qılıncoynadan Britta Heydemann, cənubi koreyalı stolüstü tennisçi Seuq Min Ryu və macarıstanlı üzgüçü Daniel Qyurta da üzvlük haqqı qazanıb.
Adıçəkilən şəxslər 17 nəfərdən ibarət komissiyada yer alacaqlar.
Qeyd edək ki, Dünya Dopinqlə Mübarizə Agentliyi (WADA) Beynəlxalq Atletika Federasiyaları Birliyi və Rusiya Atletika Federasiyasının (ARAF) üzvlüyünü dopinqə dəstək səbəbindən dondurmuşdu. 34 yaşlı Y.İsinbayeva isə bir müddət öncə ARAF prezidentliyinə namizəd olduğunu açıqlamışdı.