Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rövşən Bayramov bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 59 kq çəki dərəcəsində çıxış edən 29 yaşlı pəhləvanın rəqibi norveçli Stiq-Andre Berge olub.
İlk hissədə tərəflərdən heç biri xal qazana bilməyib. İkinci hissədə Berge passiv güləşdiyi üçün Bayramov 1 xal qazanıb. Lakin hissənin sonlarında norveçli güləşçi 1 xal qazanıb. Məhz rəqibi sonda xal aldığı üçün azərbaycanlı pəhləvan görüşü məğlub başa vuraraq, "Rio-2016"da 5-ci yeri tutub.
Qeyd edək ki, Rövşən Bayramov bunadək 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.