Rio-2016: Bu gün Azərbaycanın 7 idmançısı mübarizə aparacaq

Rio-2016: Bu gün Azərbaycanın 7 idmançısı mübarizə aparacaq İlk olaraq, atletikanın üç təkanla uzununa tullanma növündə Nazim Babayev çıxış edəcək
Fərdi
15 Avqust , 2016 05:09
Rio-2016: Bu gün Azərbaycanın 7 idmançısı mübarizə aparacaq

Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün olimpiadada Azərbaycanın 7 idmançısı mübarizə aparacaq 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının növbəti yarış günündə Azərbaycanın yeni növlərdə təmsilçiləri mübarizəyə başlayacaq. 

"Report"un məlumatına görə, ilk olaraq, atletikanın üç təkanla uzununa tullanma növündə Nazim Babayev çıxış edəcək. A qrupunda yer alan Babayevin 23 rəqibi olacaq. 

Bakı vaxtı ilə saat 16:30-da başlanacaq mübarizənin yekununda finala yüksələnlər avqustun 16-da saat 16:50-də medal yarışına çıxacaqlar. Saat 16:59-da kayakçı İnna Osipenko-Radomskaya 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşə qatılacaq. Onun rəqibləri özbəkistanlı Olqa Umaraliyeva, slovakiyalı Martina Kohlova, kubalı Yusmari Menqana, almaniyalı Konni Vassmut, argentinalı Sabrina Amegino və CAR təmsilçisi Bricit Ellen Hartli olacaq. Ümumilikdə 4 seçmə yürüşdə ilk "6-lığ"a düşənlər saat 18:00-dan etibarən yarımfinal yürüşlərində mübarizə aparacaqlar. 3 yürüşün hər birində ilk 2 yeri tutanlar və 3-cü yerin sahibləri arasında ən yaxşı 2-si finala vəsiqə qazanacaq. 8 ən güclü kayakçının iştirakı ilə həlledici yürüş avqustun 16-da saat 16:47-də başlanacaq. 

Daha sonra Azərbaycanın 2 yunan-Roma güləşçisinin mübarizəsi başlanacaq. 85 kq çəki dərəcəsindəki Saman Təhmasibi saat 17:00-da rusiyalı Davit Çakvetadze ilə 1/16 final qarşılaşmasında qüvvəsini sınayacaq. Çakvetadze 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının və Qızıl Qran Prinin qalibi olub. 

Saat 17:40-da daha bir iranlı legioner Sabah Şəriəti 130 kq çəkidə ilk görüşünə çıxacaq. O, 1/8 finalda ABŞ təmsilçisi Tobert Timoti Devid Smitlə üz-üzə gələcək. Hər iki çəki dərəcəsində təsəlliverici görüşlər saat 23:00-da, bürünc medal və final döyüşləri saat 24:00-da başlanacaq. 

Saat 18:15-də Azərbaycanın olimpiadadakı yeganə qadın boksçusu Yana Alekseyevna 60 kq çəki dərəcəsində ilk görüşünə çıxacaq. 1/4 finala təsadüf edəcək qarşılaşmada Alekseyevna çinli Junhua Yinə qalib gəlsə, ən azı bürünc medalı təmin edəcək. 

Saat 18:30-da 52 kq çəki dərəcəsindəki Elvin Məmişzadə də ilk görüşünü keçirəcək. O, qazaxıstanlı Oljas Sattıbayevlə 1/8 finalda qarşılaşacaq. Nəhayət, saat 20:00-da Kamran Şahsuvarlı qazaxıstanlı Janıbek Alimxanuli ilə 1/4 final görüşündə üz-üzə gələcək. Qələbə təqdirində, Şahsuvarlı ən azı bürünc medalı təmin edəcək. Beləliklə, bu gün Azərbaycanın 7 idmançısı mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi