Nataliya Sinişin: "Azərbaycan bayrağı ilə döşəkdə dövrə vura bilmədim"

Nataliya Sinişin: "Azərbaycan bayrağı ilə döşəkdə dövrə vura bilmədim" Azərbaycan güləşçisi: "Həqiqətən ölkəyə, məni dəstəkləyən azarkeşlərə təşəkkür etmək istəyirdim"
Fərdi
19 Avqust , 2016 12:51
Nataliya Sinişin: Azərbaycan bayrağı ilə döşəkdə dövrə vura bilmədim

Bakı. 19 avqust. REPORT.AZ/ "Medal qazanacağıma inanırdım, bunu hiss edirdim. Mübarizə çox yaxşı alındı. İstənilən olimpiya böyük xoşbəxtlik olduğundan çox şadam".

"Report" xəbər verir ki, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarında 53 kq çəki dərəcəsində qadın güləşində bürünc medal qazanan Azərbaycan idmançısı Nataliya Sinişin deyib.

Onun sözlərinə görə, yarışda ilk görüşü ağır keçib: "Yarışlar məşqlərdən fərqlənir. Həmişə ilk görüşdə qalib gəlməyə, sonradan güclülərlə görüşməyə çalışırsan. Amma elə alındı ki, ilk rəqibim güclü oldu. Yenə də özümü zəif saymıram. Nəticədən razıyam".

Qadın güləşçi qazandığı medalı atası və qızına həsr etdiyini açıqlayıb: "Atam hər zaman yarışlarda məni müşayiət edərək dəstəkləyərdi. Artıq üç ildir dünyasını dəyişib. Bu medalı ona həsr edirəm. Əgər yaşasaydı, mənimlə fəxr edərdi. Bir də qazandığım medalı qızıma həsr edirəm. Mənə görə həyəcan keçirir, indi də məni evdə gözləyir. Balaca olsa da, məni dəstəkləyir".

N.Sinişin həmçinin qızının bu idman növü ilə məşğul olmasını istəmədiyini də sözlərinə əlavə edib. "Sadəcə, uşağımın ağır idman növü ilə məşğul olmasını istəmirəm. İnkişaf üçün gimnastika, üzgüçülük var. Amma peşəkar səviyyədə qətiyyən", - deyə o vurğulayıb.

Eyni zamanda, idmançımız Azərbaycan Güləş Federasiyasına, məşqçilərə, uzun illər onunla yanaşı işləyən şəxsi məşqçisinə - həyat yoldaşına və azərbaycanlı azarkeşlərinə təşəkkür edib. "Sənə azarkeşlik edirlərsə, onları məyus etməməyə çalışırsan. Döşəməyə çıxanda sənə inanları məyus etməməyi, qalib gəlməyi düşünürsən".

N.Sinişin əvvəldən qələbəyə kökləndiyini qeyd edib: "Medal qazanacağımı hiss edirdim. Buna heç şübhə də etmirdim. Başqa cür düşünə də bilməzdim. Bürünc medal qazandıqdan sonra Azərbaycan bayrağı ilə döşəkdə dövrə vurmaq istədim. Amma azarkeşlərimiz yuxarıda əyləşdiyindən və bizi mükafatlandırma üçün tələsdirdiklərindən istəyim alınmadı. Amma həqiqətən ölkəyə, məni dəstəkləyən azarkeşlərə təşəkkür etmək istəyirdim".

Son xəbərlər

Orphus sistemi