Daxili İşlər Nazirliyi İslamiadada 14 idmançı ilə təmsil olunacaq

Daxili İşlər Nazirliyi İslamiadada 14 idmançı ilə təmsil olunacaq Oyunların təhlükəsizliyi məqsədi ilə 252-si qadın olmaqla 12 min polis cəlb ediləcək
Fərdi
27 Aprel , 2017 16:11
Daxili İşlər Nazirliyi İslamiadada 14 idmançı ilə təmsil olunacaq

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında təhlükəsizlik məqsədi ilə daxili işlər orqanlarının 252-si qadın olmaqla 12 min əməkdaşı cəlb olunacaq.

“Report”un məlumatına görə, bunu DİN Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev bildirib.

Məlumata görə, onların hazırlığı, texniki təminatı üçün bütün zəruri tədbirlər görülüb.

Ancaq daxili işlər orqanları əməkdaşlarının İslamiadada iştirakı bununla məhdudlaşmır. Adı dünyanın ən güclü idmançıları arasında çəkilən, məşğul olduqları idman növlərində yüksək nəticələr əldə etmiş idmançı əməkdaşlarımız və DİN İdman Cəmiyyətinin yetirmələri də bu yarışda qələbə uğrunda mübarizə aparacaqlar.

Yarışın proqramına daxil olan 21 idman növündə ölkəmiz 335 idmançı ilə təmsil olunacaq. Onların arasında daxili işlər orqanlarının və DİN İdman Cəmiyyətinin yetirmələrindən 14 idmançı - Olimpiya mükafatçısı, istefada olan mayor İradə Aşumova, zorxana güləşi üzrə dünya və Avropa çempionu, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis serjantı Tural Əliyev, bir sıra beynəlxalq turnirlərin qalibi, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Reqina Meftaxetdinova və digər tanınmış idmançılar yarışın baş mükafatları uğrunda mübarizə aparacaq.

DİN Polis Akademiyasının Fiziki hazırlıq kafedrasının müəllimi, polis polkovnik-leytenantı Hicran Şərifov, Daxili Qoşunların giziri Könül Sultanova, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Telman Salayev isə dünyanın ən ünlü hakimləri kimi bu yarışlar zamanı ayrı-ayrı görüşləri idarə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi