​Azərbaycanın boks yığmasının baş məşqçisi: "Ümidlərimiz hələ var" - MÜSAHİBƏ

​Azərbaycanın boks yığmasının baş məşqçisi: "Ümidlərimiz hələ var" - MÜSAHİBƏ "Qalan boksçularımızın ən azı 3-ü medala şanslıdır"
Fərdi
14 Avqust , 2016 09:48
​Azərbaycanın boks yığmasının baş məşqçisi: Ümidlərimiz hələ var - MÜSAHİBƏ

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycanın boks üzrə milli komandasının baş məşqçisi Nəriman Abdullayev Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın suallarını cavablandırıb.

"Report"un məlumatına görə, təcrübəli mütəxəssis 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Məhəmmədrəsul Məcidovun 1/8 finalda qazaxıstanlı İvan Dıçko ilə döyüşdə üzləşdiyi şanssızlıq və digər boksçuların çıxışları barədə fikirlərini bölüşüb.

Məcidovun döyüşünün yarımçıq qalmasına səbəb nə oldu?

- Məcidovun gözünün içindən qan gəlirdi. Dıçkonun barmağı onun gözünün içinə girmişdi. Amma hamı gördü ki, ilk raundda boksçumuz daha üstün döyüşdü. Hakimlər fərqli qərar verdilər. Döyüş dayandırıldıqdan sonra isə ilk raundda kim üstün idisə, qələbəni də onun xeyrinə verdilər. Yəni, Dıçko qalib elan olundu. Halbuki, ilk raundda Məcidov udmuşdu.

Sizcə, həkimlər döyüşün davam etdirilməsi üçün hansısa addım ata bilərdilər?

- Xeyr. Boksçunun gözünün içində problem varsa, döyüşü davam etdirmək olmaz.

Məcidov döyüşü davam etdirmək istəyirdi?

- Əlbəttə. Amma gözünün içindən qan gəldiyi üçün həkimlər bunu mümkünsüz saydılar. Belə hallarda həkim rəyi əsas götürülür. Zədə gözlənilməz oldu.

Demək olarmı ki, Məcidovun bu olimpiadada bəxti gətirmədi?

- Təbii ki...

Artıq kişi boksçulardan ümidlər hələ mübarizəyə başlamayan Elvin Məmişzadə, eləcə də Lorentso Sotomayor, Kamran Şahsuvarlı və Teymur Məmmədova qaldı...

- Ümidlərimiz hələ var. Qalan boksçularımızın ən azı 3-ü medala şanslıdır. Teymur Məmmədov qazaxıstanlı Adilbek Niyazımbetovla qarşıdakı görüşdən qalib ayrılsa, ən azı bürünc medalı təmin edəcək. O, ötən görüşdə yaxşı işlədi. Rəqiblərin heç biri hədiyyə deyil, hamısı güclüdür. Amma Teymur qələbə qazanmalıdır. Məmişzadə ilk görüşünə çıxacaq. Onun rəqibini ciddi analiz edirik. Məmişzadə ötən il Dünya çempionatında gözəl döyüşərək güclü rəqibləri yenib. İnanıram ki, bu dəfə də sözünü deyəcək.

Ümumiyyətlə, boksçuların çıxışlarını necə dəyərləndirirsiniz?

- Kamran Şahsuvarlının çıxışı bizim üçün kəşf oldu. Elə də böyük təcrübəsi yox idi, amma rusiyalı boksçunu məğlub etdi. Ona inamımız çoxaldı. Qarşıda isə onu güclü qazaxıstanlı rəqibi ilə döyüş gözləyir. Ümidvarıq ki, Şahsuvarlı yenə yaxşı döyüşəcək. Digər boksçular isə mübarizəni dayandırsalar da, yaxşı döyüşdülər.

Son xəbərlər

Orphus sistemi