Yuxarı

​Zakir Həsənov Moskvada "Beynəlxalq Ordu Oyunları -2016"nın bağlanış mərasimində iştirak edib

Səfər Rusiya müdafiə nazirinin dəvəti ilə baş tutub

Bakı. 13 avqust. REPORT.AZ/ Moskva şəhərində işgüzar səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Alabino poliqonunda təşkil edilən "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib.

"Report" Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və 23 nominasiya üzrə müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.

Müdafiə naziri tankçılarlarımızla görüşərək onların ilk dəfə olaraq belə bir mötəbər yarışda iştirak edərək Azərbaycanı layiqincə təmsil etdiklərini xüsusi vurğulayıb və onlara xidmətlərində uğurlar arzulayıb.

"Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.

Qeyd edək ki, iyulun 30-dan başlayan hərbçilərin beynəlxalq yarışlarının "Tank biatlonu" və "Xəzər kuboku" müsabiqələrində iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri hər iki nominasiyada müxtəlif mərhələlərdə qaliblər sırasında olmaqla ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

***

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvanın Alabino paliqonunda keçirilən "Beynəlxalq Ordu Oyunları -2016"nın bağlanış mərasimində iştirak edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti və İnformasiya İdarəsinin məlumatında bildirilir.

" "Tank biatlonu"nun final estafeti və oyunların bağlanış mərasiminə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Ermənistanın müdafiə naziri Seyran Ohanyan, Belarus Müdafiə Nazirliyinin rəhbəri general-leytenant Andrey Ravkov və onun müavini general-mayor Sergey Potapenko, Qazaxıstanın müdafiə idarəsinin rəhbəri İmanqali Tasmaqambetov və onun müavini general-mayor Talqat Muxtarov, Serbiyanın müdafiə naziri Zoran Corceviç və Serbiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Lübişa Dikoviç gəlib", - deyə məlumatda qeyd olunub.

Səfər Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi