Yuxarı

Zakir Həsənov hərbi şəhərcikdə inşa edilən yeni obyektlərin açılışını edib

Əraziyə baxışdan sonra nazir hərbi qulluqçularla birlikdə nahar edib

Bakı. 28 iyun. REPORT.AZ/ Müdafiə Nazirliyinin rəhbərliyi hərbi şəhərcikdə inşa edilən yeni obyektlərin açılışında iştirak edib. Nazirlikdən "Report"a verilən xəbərə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissədə ərazinin perspektiv tikinti-quruculuq planına baxaraq yeni istifadəyə verilən əsgər yataqxanası, yeməkxana və hamam-camaşırxana kompleksi ilə tanış olub. 

Nazirə məlumat verilib ki, ərazidəki yeni obyektlərin hamısı zəruri avadanlıqla təchiz olunub, kommunukasiya xəttləri çəkilib və ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb. Həmçinin 3 mərtəbəli əsgər yataqxanasında hərbi qulluqçuların məişət şəraiti üçün müasir infrastruktur yaradılıb, yataq və digər otaqlar lazımi avadanlıqlarla tam təchiz olunub. Binanın hər mərtəbəsində məişət guşələri, ideoloji və ayrı-ayrı xidməti otaqlar yerləşir. Bundan əlavə atıcı silahlar trenajorları sinfi, saxlanclar, idman və digər inzibati otaqlar da hazırlanıb.

Yeni istifadəyə verilən hamam-camaşırxana kompleksi də stasionar şəraitdə yerləşən hərbi hissənin şəxsi heyətinin sosial-məişət və sanitar-gigiyenik şəraitinin yaxşılaşdırılması məqsədilə inşa edilib. İki mərtəbəli geniş əsgər yeməkxanası binası da yeni inşa olunaraq yüksək keyfiyyətli qida məhsullarının hazırlanması üçün müasir tipli avadanlıqlarla təmin olunub.

Əraziyə baxış keçirdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissədə çalışan mülki əməkdaşlarla görüşərək söhbət aparıb və hərbi qulluqçularla birlikdə nahar ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi