Yuxarı
    Bağlamaq

    ​Zakir Həsənov Böyük Vətən müharibəsinin veteranlarını təbrik edib

    “Qarabağdan qələbə müjdəsi gətirəcəyi günü görmək də sizlərə qismət olsun!”

    Bakı. 8 may. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qələbənin 70-ci ildönümü münasibətilə Böyük Vətən müharibəsinin veteranlarını təbrik edib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir: 

    “Sizi 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, hər birinizə səmimi salamlarımı çatdırıram.

    Siz Qafqaz dağlarının ətəklərindən Berlinədək şanlı döyüş yolu keçmiş, qələbə naminə şəxsi rəşadət və şücaət nümunələri göstərmisiniz. İndi sizin sinənizi ölkənin ən yüksək orden və medalları bəzəyir. Harada, hansı cəbhədə vuruşmağınızdan asılı olmayaraq azərbaycanlı olduğunuzu heç vaxt unutmamış, xalqımıza həmişə başucalığı gətirmisiniz.

    Qələbənin 70 illiyi ərəfəsində mən bir daha ömrü yarıyolda qırılan, müharibədə həlak olan silahdaşlarınızı hörmət və ehtiramla yad edir, onların müqəddəs ruhları qarşısında baş əyirəm.

    Əziz veteranlarımız, Siz Böyük Vətən müharibəsi veteranlarının sonuncu mogikanlarısınız və yaşınızın 90-ı çoxdan haqlamasına baxmayaraq, ixtiyar çağınızda da gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində səylərinizi əsirgəmirsiniz.

    Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Sizin xidmətlərinizi həmişə yüksək qiymətləndirmiş, Sizi xalqımızın qızıl fondu adlandırıb.

    Siz daim ölkə rəhbərliyinin, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmusunuz.

    Arzu edirəm ki, bundan sonrakı ömür payınızı da nəvə-nəticələrinizlə birlikdə şad-firavan yaşayasınız. Qələbə gününü gördüyünüz kimi, nəvə-nəticələrinizin Qarabağdan qələbə müjdəsi gətirəcəyi günü görmək də sizlərə qismət olsun!”

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi