Paris. 11 iyun. REPORT.AZ/ “Bu gün Azərbaycanda müdafiə sənayesi inkişaf etməkdədir və buna dövlət başçısı İlham Əliyev də yaxından dəstək göstərir. Müdafiə sənayemizin inkişafı üçün lazım olan ən müasir texnologiyalar Azərbaycana gətirilir".
"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Onun sözlərinə görə, bu gün Müdafiə Sənayesi Nazirliyinin tərkibində 28 zavod, 58 istehsal sahəsi fəaliyyət göstərir: "Bu zavodlarda ən yüksək texnologiyalarla müdafiə təyinatlı məhsullar istehsal olunur. Nazirliyimiz indiyədək 60-dan çox beynəlxalq sərgidə iştirak edib. Parisdəki sərgi ən böyük tədbirlərdəndir ki, burada 63 ölkədən 1070-dən artıq şirkət təmsil olunur. Bu sərgidə iştirak etməyimizin əsas səbəblərindən biri də dünyanın aparıcı şirkətləri ilə hərbi texniki əməkdaşlığımızı genişləndirmək və əməkdaşlıq etdiyimiz şirkətlərin sayını artırmaqdır".
Y.Camalov deyib ki, bu il sentyabrın 25-27-də Azərbaycanda üçüncü beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək: "Bugünkü görüşlərimizdə sentyabrda təşkil olunacaq sərgi haqqında ətraflı məlumat verdik. Şirkətlər sərgidə iştirak edəcəklərini təsdiqləyiblər. Eyni zamanda Azərbaycanda yeni müdafiə təyinatlı məhsulların istehsalı üçün Fransa, Almaniya və digər ölkələrin aparıcı şirkətləri ilə niyyət protokolları imzalamışıq. Biz həmin şirkətləri ölkəmizə dəvət etdik ki, onların mütəxəssisləri Azərbaycana, bizim mütəxəssislər də həmin ölkələrə gedib bu sahədə qarşılıqlı təcrübələrlə yaxından tanış olsunlar və beləliklə, yeni növ müdafiə məhsullarının istehsalına başlayaq".
"Biz ordumuzu müasir texnologiyalarla hazırlanan müdafiə təyinatlı məhsullarla təchiz etmək və digər qurumlara verməklə yanaşı, həmin məhsulların ixrac imkanlarını artırmağa çalışırıq. Azərbaycanın ixrac imkanları ilbəil artır. Bugünkü sərgidə iştirak etməyimizin səbəbi məhz bu imkanları daha da genişləndirməkdir", - Y.Camalov əlavə edib.