Yavər Camalov: "2017-ci ildən “İldırım” və “Qasırğa” zirehli maşınlarının seriya ilə istehsalına başlanılacaq"

Yavər Camalov: "2017-ci ildən “İldırım” və “Qasırğa” zirehli maşınlarının seriya ilə istehsalına başlanılacaq" “Tufan” Milli zirehli nəqliyyat vasitəsinin bir neçə variantının hazırlanması nəzərdə tutulur
Hərbi
12 İyul , 2016 01:44
Yavər Camalov: 2017-ci ildən “İldırım” və “Qasırğa” zirehli maşınlarının seriya ilə istehsalına başlanılacaq

Bakı. 12 iyul. REPORT.AZ/ "Bu gün Azərbaycan Ordusu ən güclü ordular sırasındadır. Bunu aprel döyüşləri də sübut etdi. Belə ki, cari ilin aprel ayında Ermənistan ordusunun təxribatına cavab olaraq Silahlı Qüvvələrimiz tərəfindən təmas xəttində işğalçı ölkənin ordusuna güclü zərbələr endirilib, bir sıra yaşayış məntəqələri və əhəmiyyətli yüksəkliklər azad edilib".

"Report"un məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Nazir bildirib ki, bu uğurlu həmlə bütün Azərbaycan xalqında yüksək əhvali-ruhiyyə və torpaqlarımızın qısa müddət ərzində işğaldan azad olunmasına qəti ümidlər yaradıb: "Məlumat üçün bildirim ki, həmin döyüşlər zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olunub. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynayıb.

Aprel döyüşlərində müəssisələrimizdə istehsal olunan silah və sursatlardan - tank əleyhinə qumbaraatanlardan, minaatanlardan və onların döyüş sursatlarından, snayper tüfənglərindən, universal pulemyotlardan, o cümlədən AK74M tipli avtomat silahlardan, müxtəlif çaplı patronlardan və digər döyüş sursatlarından düşmənə qarşı geniş istifadə edilib. Eyni zamanda, düşmənin hədəflərinin dəqiq müəyyənləşdirilib məhv edilməsi ölkədə istehsal olunan müasir növ pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib".

Nazir bildirib ki 2016-cı ildə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən verilmiş sifarişə uyğun olaraq, 192,2 milyon manat məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası nəzərdə tutulub. Artıq bu istiqamətdə intensiv işlər görülür və məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilir. 2016-cı ilin Müdafiə Sifarişində yaradılma bölməsində 115 mövzu üzrə 198 mərhələnin yerinə yetirilməsi nəzərdə tutulub: "Cari ilin birinci yarısında nazirliyin Elmi-Tədqiqat İnstitutunda 15 mövzu, o cümlədən dövlət sifarişi ilə 14 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib. Əsas mövzular sırasında müxtəlif növ təlim və döyüş aviasiya bombalarının, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi sisteminin, həmçinin orta və uzaq mənzilli raket sistemlərinin yaradılması və s. var.

Eləcə də, Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) 2016-cı ildə Silahlı Qüvvələrin sifarışləri əsasında müxtəlif sahələri əhatə edən 33 mövzu üzrə elmi-tədqiqat işləri aparılır. İlk növbədə əsas diqqət müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan “Tufan” Milli zirehli nəqliyyat vasitəsinin – 12,7 mm-lik məsafədən idarə olunan döyüş modulu, tank əleyhinə idarə olunan raket kompleksi, radioelektron mübarizə və kəşfiyyat avadanlığı və s. sistemlərlə təchiz edilmiş bir neçə variantının hazırlanması nəzərdə tutulur. Milli zirehli maşının təcrübi nümunəsinin ilin sonunadək hazırlanması planlaşdırılır. Eyni zamanda, xarici dövlətlərlə danışıqların nəticəsi olaraq yeni “İldırım” və “Qasırğa” zirehli maşınlarının ilkin nümunələri hazırlanıb Bakıda keçiriləcək ADEX-2016 sərgisində nümayiş etdiriləcək və 2017-ci ildən artıq seriya ilə istehsalına başlanılacaq. Daha bir yeni layihə BRDM-2M zirehli transportyorun üzərində orta mənzilli “Mizrak” tipli tank əleyhinə idarə olunan raket sisteminin quraşdırılmasıdır. Bu döyüş maşını da qısa müddət ərzində Silahlı Qüvvələrimizin ixtiyarına veriləcək".

Son xəbərlər

Orphus sistemi