Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesi fəaliyyətə başlayıb

Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesi fəaliyyətə başlayıb Səfir Alper Coşkun briqada generalı İhsan Başbozkurtu müdafiə naziri Zakir Həsənova təqdim edib
Hərbi
24 Avqust , 2015 16:03
Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesi fəaliyyətə başlayıb

Bakı. 24 avqust. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunla görüşüb. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı - 2015" taktiki təlimlərinin keçirilməsinin vacibliyi, o cümlədən bu cür tədbirlərin davamlı olaraq icra edilməsi xüsusi qeyd olunub.

Bundan əlavə, görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi və digər məsələlər müzakirə edilib.

Müdafiə naziri Azərbaycan və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkilini, birgə təlimlərin keçirilməsinin vacibliyini qeyd edərək hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini və bunun gələcəkdə də davam etdirilməsinin zəruriliyini bildirib.

Səfir Alper Coşkun ölkəsinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi briqada generalı İhsan Başbozkurtu təqdim edib.

Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edərək iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi