Yuxarı

“TurAz Şahini-2015” birgə təlimləri yekunlaşıb

Təlimlər üç istiqamətdə planlaşdırılıb və icra edilib

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin keçirdiyi “TurAz Şahini-2015” birgə təlimləri yekunlaşıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"-a bildiriblər ki, təlimlərdə 3 “MiQ-29” qırıcı, 3 “Su-25” hücum, “İl-76” hərbi-nəqliyyat təyyarəsi və 4 “Mi-17” döyüş-nəqliyyat helikopterləri, eləcə də 104 nəfərlik heyət iştirak edib.

Təlimlər üç istiqamətdə planlaşdırılıb və icra edilib.

Birinci istiqamətdə qırıcı aviasiyanın Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29”, Türkiyə Hərbi Hava Qüvvələrindən isə “F-16” təyyarələri döyüş uçuşları ediblər. Azərbaycan pilotları “F-16”, Türkiyə pilotları isə “MiQ-29” təyyarələrində uçuşlar edərək şərti yaxın hava döyüşlərini keçiriblər.

Azərbaycan pilotu, polkovnik-leytenant Xəlil Yusubov “MiQ-29” təyyarəsinin taktiki-texniki xüsusiyyətlərindən tam istifadə etməklə yüksək peşəkarlıq göstərərək şərti hava döyüşündə iki “F-16” təyyarəsi üzərində üstünlüyə nail olub.

İkinci istiqamətdə hücum aviasiyasından Azərbaycan Hərbi Hava Qüvvələrinin “Su-25” tipli təyyarələri, Türkiyə Hərbi Hava Qüvvələrinin “F-4E” hərbi təyyarələri ilə birgə hava uçuş tapşırıqlarını icra ediblər. Azərbaycan pilotları “F-4E”, Türkiyə pilotları isə “Su-25” təyyarələrində uçuşlar ediblər.

Üçüncü istiqamətdə ordu aviasiyası qarşıya qoyulan tapşırıqları yerinə yetirib. Azərbaycan və Türkiyə Respublikaları Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri müvafiq olaraq “Mi-17” və “AS-532 Cougar” helikopterlərində müxtəlif döyüş tapşırıqlarını icra ediblər.

Təlimlərin sonuncu günündə plana uyğun olaraq, Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Akın Öztürk və birinci müavini Abidin Ünal, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirovun rəhbərliyi ilə aviasiya vasitələri praktiki döyüş atışlarını kompleks şəkildə yerinə yetiriblər.

“MiQ-29” və “F-16” təyyarələri hava düşməninə qarşı döyüş, yer hədəflərinə qarşı bomba və top atışları, “Su-25” və “F-4E” təyyarələri isə düşmənin yer hədəflərinə bomba və top zərbələri endiriblər.

Ssenariyə uyğun olaraq, Azərbaycan və Türkiyə xüsusi təyinatlıları “Mi-17” və “AS-532 Cougar” helikopterləri vasitəsilə şərti düşmən ərazisində qəzaya uğramış təyyarənin pilotlarının xilas olunması əməliyyatını icra ediblər.

Azərbaycan Hərbi Hava Qüvvələrinin və xüsusi təyinatlılarının peşəkarlıq səviyyəsi təlimlərin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Türkiyə Silahlı Qüvvələrinin NATO-nun aparıcı orduları sırasında olmasını nəzərə alsaq, hərbi qulluqçularımıza verilən qiymət Silahlı Qüvvələrimizin döyüş hazırlığının yüksək səviyyədə olmasının əyani sübutudur.

Hazırda Türkiyədə NATO çərçivəsində davam edən “İŞIK-2015” beynəlxalq axtarış-xilasetmə təlimlərində Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 “Mi-17” döyüş-nəqliyyat helikopteri iştirak edir.

Təlimlər aprelin 13-dək davam edəcək.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi