Yuxarı

İdarə rəisi: "Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı regionun ən böyük hərbi tibb müəssisəsinə çevirilib"

İdarə rəisi: "Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı regionun ən böyük hərbi tibb müəssisəsinə çevirilib"
Hazırda hospitalda 6 şöbə, 39 müalicə-diaqnostika bölməsi fəaliyyət göstərir

Bakı. 26 aprel. REPORT.AZ/ "Dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı regionun ən böyük hərbi tibb müəssisəsinə çevirilib".

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu nazirliyin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev deyib.

O bildirib ki, 1992-ci ilin aprelin 9-da Azərbaycan müdafiə nazirinin müvafiq əmri ilə SSRİ Silahlı Qüvvələrindən təhvil alınan və 500 çarpayılıq çoxprofilli hospitalın bazasında yaradılan Mərkəzi Hərbi Hospital 25 ildir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına, istefaya və ehtiyata buraxılmış zabitlərə, onların ailə üzvlərinə ixtisaslı və yüksək texnologiyalı tibbi yardım göstərir: "Ötən illər ərzində hospitalın maddi-texniki bazası, müalicə-diaqnostika imkanları, kadr potensialı dəfələrlə artmış, Baş Klinik Hospital regionun ən böyük hərbi tibb müəssisəsinə çevrilib.

N.Əliyev qeyd edib ki, hospitalın birinci müalicə korpusu 2006-cı ildə, ikinci müalicə korpusu, psixiatriya və yoluxucu xəstəliklər bölmələrinin yeni binaları 2013-cü ildə istifadəyə verilib, çarpayı fondu 1000-ə çatdırııb.

Onun sözlərinə görə, hazırda hospitalda 6 şöbə, 39 müalicə-diaqnostika bölməsi fəaliyyət göstərir: "Ərazidə abadlıq işləri görülüb, yaşıllıq sahələri salınıb. Hospitalda müasir tibbi avtomobil parkı yaradılıb. Bölmələr tibb heyəti ilə komplektləşdirilib, beynəlxalq standartlara cavab verən tibbi cihaz və avadanlıqlarla təchiz edilib. 

4 blokun 10 əməliyyat otağında 19 cərrahi əməliyyatı eyni zamanda aparmaq mümkündür. Ürək-damar şöbəsində, göz xəstəlikləri bölməsində quraşdırılan avadanlıqlar istənilən mürəkkəb əməliyyatın aparılmasına imkan verir.

1500 kvadrat metr sahədə, 36 otaqda yerləşən laboratoriya şöbəsində ən müasir cihazlarla genetik, mikrobioloji, immunoloji, biokimyəvi və kliniki analizlərin aparılması mümkündür. Radiologiya bölməsində flüoroqrafiya, rentgen müayinə, kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiya cihazları quraşdırılmışdır. Video-müşahidə otağında olan monitorlar vasitəsi ilə əməliyyat zallarından görüntülər nümayiş etdirilir, xəstənin yaxınları, eləcə də tibb sahəsində təhsil alanlar bu əməliyyatları istər birbaşa, istərsə də sonradan izləyə bilirlər".

Tibb Baş İdarəsinin rəisi qeyd edib ki, hərbi qulluqçuların ailə üzvlərinə və Silahlı Qüvvələrdə xidmət keçən qadın hərbi qulluqçulara akuşer-ginekoloji xidmətin göstərilməsi məqsədi ilə hospitalda müvafiq bölmə fəaliyyət göstərir: "Baş Klinik Hospitalın yeni tikilmiş müalicə korpuslarının ən müasir avadanlıqlarla təchiz edilməsi bu sahəyə göstərilən dövlət qayğısının nümunəsidir.

Ümummilli lider Heydər Əliyev və Prezident, Ali Baş Komandan İlham Əliyev bu hospitalın fəaliyyətini daim diqqət mərkəzində saxlamışlar. Ulu Öndərin 1993-cü ildə burada müalicə alan hərbçilərə baş çəkməsi, dövlətimizin başçısının isə, Baş Klinik Hospitalın birinci və ikinci müalicə korpuslarının açılışında iştirakı bunun əyani sübutudur.

Məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan hərbi sistemində xidmətin beynəlxalq standartlar səviyyəsində təşkilinin əsası qoyulmuşdur. "İnsanların sağlamlığı dövlət üçün prioritetdir", - deyən Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçulara olan qayğısı, habelə ordu quruculuğu sahəsinin müasir dünya standartlarına uyğun təşkilinə dair qəbul etdiyi mühüm qərarlar şəxsi heyətin peşəkarlıq səviyyəsini artırmış, onların sosial müdafiəsini, yaşayış və iş şəraitini yaxşılaşdırmışdır. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının hazırkı səviyyəsi, hərbi qulluqçuların sağlamlığına və onların sosial məsələlərinin həllinə Azərbaycan dövlətinin həssaslıqla yanaşdığını nümayiş etdirir.

Birinci Qarabağ müharibəsi zamanı Mərkəzi Hərbi Hospitalın həkim və orta tibb heyəti öz vəzifə borcunu layiqincə yerinə yetirmişdi. Atəşkəsdən sonrakı illərdə də xəstəliklərin qarşısının alınması üçün tibb heyətinin gərgin əməyi tələb olundu. Məlumat üçün bildirim ki, hospital yarandığı dövrdən indiyədək yaralılara və xəstələnənlərə kifayət qədər yüksək tibbi yardım göstərilib.

Hərbi tibb elminin inkişafı üçün Baş Klinik Hospitalda ciddi işlər görülmüşdür. Lakin son zamanlar bu imkanlar daha da genişlənib. Silahlı Qüvvələrimizin inkişaf etmiş ölkələrlə ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq sahəsində apardığı uğurlu işlər, şübhəsiz ki, hərbi təbabətin inkişafına da təsirsiz ötüşmür. Onlarla hərbçi həkimimiz hər il müxtəlif xarici ölkələrdə elmi simpoziumlarda, beynəlxalq konfranslarda fəal iştirak edir, faydalı təcrübə mübadiləsi aparırlar. Cari ildə bu tədbirlərin ünvanı Yaponiya, Fransa, İngiltərə, Türkiyə, Hollandiya olub.

Qardaş Türkiyənin tibb müəssisələri ilə əlaqələrimiz çox yaxşıdır. Bu yaxınlarda mən Türkiyə Respublikasının Baş Qərargahında Silahlı Qüvvələrin Sağlıq Başqanı ilə görüşdüm, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün faydalı söhbətlərimiz olub. Hazırda Türkiyə Respublikası Silahlı Qüvvələri və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tibbi sahədə əməkdaşlıq sazişinin yeni layihəsi razılaşdırılma mərhələsindədir.

İranın və Gürcüstanın hərbi tibb müəssisələri ilə də işgüzar əlaqələr qurmaq üçün müəyyən addımlar atırıq. İran-Azərbaycan hərbi-tibbi əməkdaşlığının inkişaf etdirilməsi üçün İranın Azərbaycandakı hərbi attaşesi ilə, Gürcüstan Silahlı Qüvvələrinin Tibb İdarəsi rəisi ilə görüşmüşük, Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli görüşünün keçirilməsi üçün fəaliyyətlər davam etdirilir.

Beynəlxalq Hərbi Tibb Komitəsinin üzvlüyünə daxil olmaq üçün tərəfimizdən müraciət edilib. Məqsəd budur ki, həkimlərimiz tez-tez mötəbər elmi tədbirlərdə iştirak etsinlər, müasir dünya təbabətinin yeniliklərindən faydalana bilsinlər, öz ixtisasları üzrə inkişaf etsinlər.

2016-cı ilin aprelində aparılan əməliyyatlar zamanı tibb xidmətinin yüksək səviyyədə təşkil olunması, yaralıların vaxtında və nöqsansız olaraq müvafiq müalicə müəssisələrinə təxliyyəsi, birlik hospitallarında, mobil hospitallarda, eləcə də Baş Klinik Hospitalda aparılan cərrahi əməliyyatların səviyyəsi rəhbərlik tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan Prezidenti İlham Əliyev və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən xidmətdə fərqlənən tibb xidməti hərbi qulluqçuları mükafatlandırılıb. 

Bu yaxınlarda aprel döyüşlərində Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həkimlər haqqında dedi: "Aprel hadisələri zamanı və ondan sonrakı günlərdə Prezident və mən hospitallarda, xəstəxanalarda olduq. O zaman yaralanmış, xəsarət almış əsgərlərimizə yardım göstərən, onların tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərimizə minnətdarlığımı çatdırmaq istəyirəm. Yaralanmış əsgərlərin, demək olar ki, əksəriyyəti onların səyləri və əməyi nəticəsində sağalıb və normal həyat tərzinə qayıdıb və bu gün də Vətəni tam gücləri ilə qorumaq üçün hazırdırlar".

Sevindirici haldır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsi üzrə işlər qısa zamanda başa çatdırılıb və yaralanmış hərbi qulluqçular artıq müasir protezlərlə təmin olunub.

25 ildən artıq bir müddətdə erməni silahlı birləşmələrinin torpaqlarımızı işğal altında saxlaması, təxribat məqsədi ilə qoşunların təmas xəttində atəşkəsi pozması hərbi qulluqçularımızın tez-tez odlu silahdan yaralanmasına səbəb olur.

Həkimlərimizin, xüsusi ilə də cərrahlarımızın nəzəri və praktiki cəhətdən daha peşəkar hazırlanması üçün bu mövzuda simpoziumlar, konfranslar, o cümlədən beynəlxalq konfranslar keçirilməsi hospital rəhbərliyinin bir vəzifəsidir.

Baş Klinik Hospitalda kursantların, rezidentlərin yüksək səviyyədə hazırlanması üçün bütün imkanlar yaradılıb. Bu imkanlardan maksimum istifadə olunmalı, təlimin və tədrisin səviyyəsi yaxşılaşdırılmalıdır.

Baş Klinik Hospital həm də güclü elm mərkəzidir. Hazırda hospitalda 8 nəfər tibb üzrə fəlsəfə doktoru, Silahlı Qüvvələrin əksər tibbi ixtisaslar üzrə baş mütəxəssisləri çalışır. Bu potensialdan daha məqsədyönlü istifadə olunmalıdır. Hospitalın bugünkü elmi-texniki bazası elmi işlərin, elmi araşdırmaların daha geniş aparılmasına imkan verir. Hospitalda elmi işlə məşğul olanların sayı daha da artacaqdır.

Baş Klinik Hospitalın həkimləri, ümumilikdə tibb heyəti daha təcrübəli olduğundan digər tibbi hərbi hissə və müəssisələrdə, o cümlədən, birlik hospitallarında həkimlər tibbi cihaz və avadanlıqların iş prinsipi, tətbiq sahələri, eləcə də xəstəliklərin müalicə və diaqnostikası üzrə yenilikləri də öyrənirlər.

Qarşıda duran mühüm vəzifələrdən biri də hospitalda mərkəzləşmiş kompüter sisteminin yaradılması və istifadəyə verilməsidir. Bu sistem xəstələrin hərəkətinə, müalicə və diaqnostikasına, ötürülən məlumatların düzgünlüyünə nəzarəti təşkil etməyə daha yaxşı zəmin yaradacaq.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci müalicə korpusunun açılışı zamanı qarşımıza belə bir vəzifə qoydu: "Nəzərə alsaq ki, burada indi ən müasir avadanlıq vardır, əsas məsələ bu avadanlıqdan səmərəli şəkildə istifadə etmək və insanlara yüksək tibbi xidmət göstərməkdir. Hesab edirəm ki, burada ən yüksək standartlar daim saxlanmalı, ən mütərəqqi texnologiyalar tətbiq edilməlidir".

Silahlı Qüvvələrdə xidmət edən bütün tibb heyəti dövlət başçısının və Müdafiə Nazirliyi rəhbərliyinin tapşırıqlarının yüksək peşəkarlıqla, vaxtında icra edilməsi üçün bütün imkanlardan istifadə edərək vəzifələrini layiqincə yerinə yetirəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi