Yuxarı

Təhsil naziri: "Son illər hərbi hazırlıq fənninin hazırlığına xüsusi diqqət yetirilir"

Məktəblərdə şagirdlər arasında vətənpərvərlik ruhunun yüksək saxlanılması hər zaman diqqət mərkəzindədir

Bakı. 2 aprel. REPORT.AZ/ "Orta məktəblərdə Müdafiə Sənayesi Nazirliyinin təlim-tədris məqsədləri üçün istehsal olunan avadanlıqlarından istifadə edilir. Odur ki, məktəblərdə şagirdlər arasında vətənpərvərlik ruhunun yüksək saxlanılması hər zaman diqqət mərkəzindədir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərində hərbi hazırlıq fənninin keyfiyyətinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycanın bütün ümumtəhsil tam orta məktəblərində və peşə təhsili məktəblərində hərbi hazırlıq fənni tədris olunur və son illərdə bu fənnin hazırlığına xüsusi diqqət yetirilir: "Bunun bir çox səbəbləri var. Təbii olaraq birinci səbəb ondan ibarətdir ki, Azərbaycan müharibə şəraitində yaşayan dövlətdir. Hər zaman bizim ümumtəhsil sistemində tətbiq etdiyimiz hərbi hazırlıqda vətəndaş ruhunun formalaşması nəinki zəruri, ən mühüm məsələlərdən biridir. Nə qədər məktəb tədris prosesində uşaqlara ilkin bilikləri aşılayacaq, o qədər də onların şərəfli və müqəddəs öhdəliyi, yəni orduda xidməti keyfiyyətli olacaq".

Təhsil naziri onu da əlavə edib ki, Müdafiə Nazirliyinin dəstəyi ilə medianın, geniş ictimaiyyətin iştirakı ilə cəbhəyanı bölgələrdə yerləşən məktəblərə xüsusi turlar təşkil olunur: "Məqsəd ilk növbədə orada təhsil alan şagirdlərin və təhsil verən müəllimlərin, orada yaşayan vətəndaşların gündəlik həyat şəraiti ilə tanış olmaqdır. Müşahidələr onu göstərir ki, uşaqların təhsil nailiyyətləri, vətəndaşlarda Vətənə olan münasibəti və təhsilə olan meyili düşmən tərəfindən olan bütün səylərə baxmayaraq, çox yüksək səviyyədədir və gələcəkdə də davam etdiriləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi