Yuxarı
    Bağlamaq

    Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb

    Görüşdə Azərbaycanla NATO arasında mövcud proqramlar daxilində əməkdaşlıq məsələləri müzakirə olunub

    Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkədə səfərdə olan NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. 

    Azərbaycanın NATO-nun tərəfdaşı olduğunu vurğulayan Baş Qərargah rəisi xüsusi qeyd edib ki, Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair tutduğu prinsipial və davamlı mövqeyi Avroatlantik təhlükəsizliyin bölünməzliyi məsələsini gücləndirir, regional sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir: "Biz zirvə toplantılarında Alyansın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə bir daha göstərdiyi siyasi dəstəyi yüksək qiymətləndiririk".

    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan general-polkovnik N.Sadıkov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəinki regionda, eləcə də bütün dünyada sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdiddir.

    Azərbaycan ilə Alyans arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu deyən Baş Qərargah rəisi NATO-nun mənzil-qərargahına son səfərini və keçirdiyi görüşləri də məmnunluqla xatırlayıb.

    NATO-Azərbaycan əlaqələrini yüksək qiymətləndirən C.Appaturay uğurlu əməkdaşlığa, xüsusilə sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

    Görüşdə Azərbaycan ilə NATO arasında mövcud proqramlar daxilində əməkdaşlıq məsələləri, həyata keçirilən layihələr, əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

    Sonda cari ilin yanvarında Əfqanıstanda xidmətlərini bitirən Azərbaycan sülhməramlılarının bir qrupu ilə görüş keçirilib və xatirə şəkli çəkdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi