Yuxarı

Hərbi prokuror: "Ötən il Silahlı Qüvvələrdə qeydə alınmış cinayətlərin 99,2 faizi açılıb"

Silahlı Qüvvələrdə qeydə alınmış cinayətlərin 99,2 faizi açılıb
© Report/ Firi Salim — Hərbi prokuror Xanlar Vəliyev

Bakı. 25 yanvar. REPORT.AZ/ Ötən il Silahlı Qüvvələrdə qeydə alınmış cinayətlərin 99,2 faizi açılıb.

"Report"un məlumatına görə, bu barədə respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev keçirdiyi kollegiya iclasında bildirib. O qeyd edib ki, 2017-ci illə müqayisədə icraatına xitam verilmiş və icraatı dayandırılmış cinayət işlərinin sayı azalıb, istintaqı tamamlanaraq məhkəmələrə göndərilmiş cinayət işləri üzrə ittiham irəli sürülmüş təqsirləndirilən şəxslərdən bəraət alan olmayıb. Həmçinin məhkəmə baxışları zamanı təqsirləndirilən şəxslərin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edilmədiyindən, başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün CPM-nin 318.2-ci maddəsinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılan cinayət işləri olmayıb.

Qeyd olunub ki, 2017-ci illə müqayisədə 2018-ci ildə törədilmiş cinayətlər 12,6 %, hərbi xidmət əleyhinə cinayətlər 4 %, qeyri-hərbi cinayətlər 34,3 %; böyük ictimai təhlükə törətməyən cinayətlər 4,6 %, az ağır cinayətlər 2,8 %, xüsusilə ağır cinayətlər 48,6%; xəstəlik nəticəsində ölüm halları 40 %, düşmən tərəfindən açılan atəş nəticəsində ölüm halları 64,7%; qeydə alınmış korrupsiya xarakterli cinayətlər 24,7 %; korrupsiya ilə əlaqədar dələduzluq cinayətləri 43,6 %, rüşvət alma və rüşvət vermə cinayətləri 15,5 % azalıb.

Xüsusi vurğulanıb ki, Silahlı Qüvvələrdə baş vermiş səbəbindən asılı olmayaraq istənilən ölüm faktı üzrə cinayət işi başlanılıb, bu qəbildən olan hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunub. Eyni zamanda hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərilərək həmin halların qarşısının alınması, həmçinin iş üzrə əməllərində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş şəxslərin digər müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi təmin edilmişdir. Bununla yanaşı, Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də belə xarakterli cinayətlərin qarşısının alınması məqsədilə, hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib. Bu kimi cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Nəticədə 2017-ci illə müqayisədə 2018-ci ildə törədilmiş qəsdən adam öldürmə cinayətləri 61,5%, intihar hadisələri 23,1 % azalıb.

Hafiz Heydərov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi