Silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi qaydası təsdiqlənib

Silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi qaydası təsdiqlənib Xüsusi hərbi ixtisaslar üzrə hazırlıq könüllülük prinsipi əsasında həyata keçirilir
Hərbi
22 Oktyabr , 2015 09:47
Silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi qaydası təsdiqlənib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nı təsdiqləyib. “Report”un xəbərinə görə, bununla bağlı baş nazir Artur Rasi-zadə qərar imzalayıb.

Bu Qayda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Prezidentin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1-1-ci bəndinin tələblərinə əsasən hazırlanıb və vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkili və keçirilməsi qaydasını müəyyən edir.

Sənədə əsasən, xüsusi hərbi ixtisaslar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət qulluqçuları üçün müəyyən edilmiş ixtisaslardır.

Xüsusi hərbi ixtisaslar üzrə hazırlıq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin tələb olunan ixtisaslı mütəxəssislərlə təmin edilməsi məqsədi ilə aparılır.

Xüsusi hərbi ixtisaslar üzrə hazırlıq könüllülük prinsipi əsasında həyata keçirilir.

Xüsusi hərbi ixtisaslar üzrə hazırlığa aşağıdakı vətəndaşlar сəlb edilirlər:

müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququna malik olmayan müddətli həqiqi hərbi xidmətə yararlı olan 17 yaşına çatmış kişi cinsli vətəndaşlar;

növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu itirən və müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən müddətli həqiqi hərbi xidmətə yararlı olan çağırışçılar.

Hazırlanmış xüsusi hərbi ixtisaslı mütəxəssislərin aidiyyəti xüsusi hərbi ixtisaslar üzrə sifariş vermiş Azərbaycan Silahlı Qüvvələrinə və ölkə qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə göndərilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təmin edilir.

Silahlı Qüvvələrin və ölkə qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşməni həyata keçirən müvafiq struktur bölmələri tərəfindən sifarişləri əsasında müddətli həqiqi hərbi xidmət keçmək üçün göndərilmiş xüsusi hərbi ixtisaslı mütəxəssislərin qeydiyyatı aparılır və onların hazırlıq keçdikləri xüsusi hərbi ixtisaslara uyğun vəzifələrə təyin olunmalarına nəzarət edilir.

Hər il sentyabrın 1-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 10.2-ci maddəsinə əsasən Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti xüsusi hərbi ixtisasların siyahısını və həmin ixtisaslar üzrə vətəndaşların hazırlanması üzrə sifarişləri Nazirlər Kabinetinə təqdim edir.

Xidmət tabeliyində olan yerli idarə, şöbə və bölmələrdə ilkin hərbi qeydiyyata alınmış və növbəti ildə müvafiq xüsusi hərbi ixtisas üzrə hazırlığa cəlb edilə bilən vətəndaşların sayı haqqında məlumatı Nazirlər Kabinetinə təqdim edir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 10.2-ci maddəsinə uyğun olaraq, il ərzində xüsusi hərbi ixtisaslar üzrə hazırlanmalı olan vətəndaşların sayı Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Təhsil Nazirliyinin, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin təhsil müəssisələrində və Naxçıvan texniki-peşə və sürücülük məktəbində hazırlanmalı olan vətəndaşların say bölgüsü Azərbaycan Silahlı Qüvvələri ilə və ölkə qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr ilə bu qurumlar arasında bağlanılmış müqavilələrə əsasən tənzimlənir. Sifarişçi tərəfindən müqavilələr bağlanılarkən təhsil müəssisələrinin komplektləşdirilməsi üçün Xidmətin yerli idarə, şöbə və bölmələrində mövcud resursların nəzərə alınması məqsədi ilə müvafiq qurumlar üzrə hazırlanmalı olan vətəndaşların sayı Xidmətlə razılaşdırılır.

Xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb ediləcək vətəndaşların ilkin seçimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində 16 yaşlı kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı aparılır və namizədlərin siyahısı hazırlanır. 

Son xəbərlər

Orphus sistemi