Yuxarı

SİPRİ: Azərbaycan hərbi xərclərini artırıb

Neftin qiymətlərinin aşağı düşməsi buna mane olmayıb

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq 2015-ci ildə hərbi xərclərini artırıb.

"Report" xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutunun (SİPRİ) qlobal silahlanma xərclərinə dair hesabatında bildirilir.

"Ötən onillikdə dünyanın bir çox ölkələrində hərbi xərclərin kəskin artımı müşahidə olundu. Bu, neftin yüksək qiymətləri və onun yeni yataqlarının kəşf edilməsi, həmçinin istismara verilməsi sayəsində mümkün oldu. Lakin 2014-cü ildə enerji daşıyıcıları qiymətlərinin düşməsi, bir çox neft hasil edən ölkələrdə bu tendensiyanı müsbət istiqamətdə dəyişdi və 2016-cı ildə də bu şəkildə qalacağını vəd edir.

2015-ci ildə bu qrup ölkələrdə hərbi xərclərin ən əhəmiyyətli dərəcədə azalması Venesuela (64%) və Anqolada (42%) müşahidə olunub. Onlardan başqa azalma Bəhreyn, Bruney, Çad, Ekvador, Qazaxıstan, Oman və Cənubi Sudanda qeydə alınıb", - deyə hesabatda vurğulanır.

Sənəddə bildirilir ki, "lakin neft hasil edən ölkələr arasında elələri də var ki, onlar neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq silahlanma xərclərini artırmaqda davam ediblər. Bura Əlcəzair, Azərbaycan, Rusiya, Səudiyyə Ərəbistanı və Vyetnam aiddir".

Sənəddə qeyd olunur ki, bu ölkələrin əksəriyyəti, ya digər ölkə ilə münaqişə şəraitindədir, ya da regional səviyyədə gərginlik hiss edir.

2015-ci ildə dünyada silahlanma xərclərinin ümumi həcmi əvvəlki il ilə müqayisədə 1% artıb və 1,676 trilyon dollar təşkil edib.

Ötən il silahlanmaya ən çox ABŞ - 36% (596 mlrd. dollar), Çin- 13% (215 mlrd. dollar), Səudiyyə Ərəbistanı - 5,2% (87,2 mlrd. dollar) pul xərcləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi