“Şəhidlər ölməz, Vətən bölünməz!” devizi altında vətənpərvərlik tədbiri keçirilib

“Şəhidlər ölməz, Vətən bölünməz!” devizi altında vətənpərvərlik tədbiri keçirilib Tədbir “Biz gedirik Qarabağa!” adlı ədəbi-musiqili kompozisiya ilə başa çatıb
Hərbi
8 İyul , 2017 16:30
“Şəhidlər ölməz, Vətən bölünməz!” devizi altında vətənpərvərlik tədbiri keçirilib
Mod.gov.az

Bakı. 8 iyul. REPORT.AZ/ Müdafiə Nazirliyi və Pirallahı rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölünməz!” devizi altında vətənpərvərlik tədbiri keçirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Rayon ictimaiyyətinin, şəhid ailələrinin, müharibə veteranlarının və hərbi qulluqçuların iştirak etdiyi tədbir ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də bir neçə gün öncə Ermənistan silahlı bölmələrinin dinc əhaliyə qarşı növbəti təxribatı zamanı həlak olmuş Füzuli rayonu Alxanlı kəndinin sakinləri on səkkiz aylıq Zəhra və onun nənəsinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani şəhidlik və Vətən sevgisindən, xalqımızın qəhrəmanlıq ənənələrindən, hərbi şöhrət tariximizdən, ordu quruculuğundakı uğur və nailiyyətlərimizdən söhbət açıb. Döyüşlərdə canlarından keçən Vətən övladlarının əbədiyaşarlığından, müharibədə sağlamlıqlarını itirən igidlərimizin, şəhid ailələrinin dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunmalarından bəhs edilib.

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivlərinin ifasında vətənpərvərlik mahnıları, hərbi marşlar səsləndirilib.

Millət vəkili, professor Xanhüseyn Kazımlı Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları ilə birgə təşkil etdiyi tədbirlərin əhəmiyyətindən danışaraq bir çox tədbirlərdə şəxsən iştirakından böyük qürur hissi keçirdiyini qeyd edib.

Pirallahı rayon icra hakimiyyəti başçısının müavini, əslən Şuşadan olan Vəzir Səfixanov bu kimi tədbirlərin ordu ilə xalqın birliyinin daha da möhkəmlənməsinə xidmət etdiyini, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna rol oynadığını və Müdafiə Nazirliyi ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.

Tədbir keçirilən gün iyirmi yaşı tamam olan Lələtəpə uğrunda döyüşlərin ilk şəhidi Sarvan Mehrəliyevin (qardaşı Namiqlə birlikdə döyüşə atılıb) qısa, lakin mənalı ömür yolu xatırlanıb, onun aprel döyüşləri zamanı göstərdiyi igidliklər nəzərə çatdırılıb.

Şəhidin anası Xatirə xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşünü yada salıb, ölkəmizin başçısından və Müdafiə Nazirliyinin rəhbərliyindən həmişə qayğı gördüyünü deyib.

Əməkdar İncəsənət Xadimi A.Qurbaninin erməni vandalizminin qurbanı Zəhraya həsr etdiyi elegiya tədbir iştirakçılarında duyğulu anlar yaşatmaqla yanaşı, onların bu nahaq qanın yerdə qalmayacağına, günahsız insanların qisasının alınacağına, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə inamını daha da artırıb.

Tədbirdə beynəlxalq təşkilatlardan Azərbaycanın dinc əhalisinə - uşaqlara, qocalara, qadınlara qarşı dəfələrlə insanlığa sığmayan vəhşiliklər etmiş təcavüzkar Ermənistana qarşı sərt sanksiyalar tətbiq etmələri tələb olunub.

Tədbir “Biz gedirik Qarabağa!” adlı ədəbi-musiqili kompozisiya ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi