Şəhidin medalı azyaşlı oğluna verilib - FOTO

Şəhidin medalı azyaşlı oğluna verilib - FOTO "Qoşqar Qurbanov ilk gündən ordu həyatında nizam-intizamlı, çalışqan, qorxmaz və cəsarətli hərbi qulluqçu kimi tanınıb"
Hərbi
25 Fevral , 2015 13:06
Şəhidin medalı azyaşlı oğluna verilib - FOTO

Bakı. 25 fevral. REPORT.AZ/ Keçən ilin dekabr ayında şəhid olan kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlunun Qazax rayonunun Fərəhli kəndində anım mərasimi keçirilib. Müdafiə Nazirliyindən "Report"a verilən xəbərə görə, tədbirdə nazirliyin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, şəhidin xidmət etdiyi hərbi hissənin və rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə şəhidin xatirəsi ehtiramla yad edilib, məzarı üstünə əklil və gül dəstələri qoyulub.

Mərasimdə çıxış edən polkovnik Elşad Əbilov bildirib ki, 1999-cu ildən hərbi xidmətdə olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qoşqar Qurbanov ilk gündən ordu həyatında nizam-intizamlı, çalışqan, qorxmaz və cəsarətli hərbi qulluqçu kimi tanınıb, döyüş tapşırıqlarını vicdanla yerinə yetirib. O, 2014-cü ilin dekabr ayında Qazax rayonu istiqamətində şəhid olub. Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Fərman Nağdəliyev, şəhidin qardaşı xidmətdə olan kiçik çavuş Mahmud Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabiti mayor Vüqar Mirzəyev, şəhidin qohumu Nurəddin Məmmədov, rayon və Fərəhli kənd ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və başqaları çıxışlarında Vətənə, xalqa layiqli övlad böyütdüklərinə görə şəhidin ailəsinə minnətdarlıqlarını bildiriblər.

Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal şəhidin xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən onun oğlu Elmir Qurbanova təqdim olunub.

Şəhidin qardaşı M.Qurbanov göstərilən diqqətə görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib, Azərbaycanın qəhrəman oğullarının qisasının yerdə qalmayacağına əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi