Yuxarı

Şəhid qardaşı: "Qardaşımın səngərində xidmətimi davam etdirəcəyəm"

And içirəm ki, qardaşımın qisası qiyamətə qalmayacaq

"And içirəm ki, qardaşımın qisası qiyamətə qalmayacaq"

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində "Vətənin çağırışına hazırıq!" devizi altında vətənpərvərlik tədbiri keçirilib. Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə universitetin professor-müəllim və tələbə heyəti ilə yanaşı, nazirliyin general, zabit və əsgərləri də iştirak ediblər.

Universitetin rektoru Ədalət Muradov bu kimi tədbirlərin keçirilməsinin həmişəkindən daha çox vacib olduğunu vurğulayıb: "Azərbaycan ordusu regionun ən güclü ordusudur və istənilən təcavüzün qarşısını almağa, hücum tapşırığını yerinə yetirməyə qadirdir. Bu gün Prezident İlham Əliyevin fəaliyyətində ordu quruculuğu prioritet məsələlərdən biridir. Silahlı Qüvvələrə, onun şəxsi heyətinə ölkə rəhbərliyi tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Ordunun maddi-texniki bazası hər gün möhkəmlənir, müasir döyüş texnikaları, silah-sursatlar alınır. Keçirilən irimiqyaslı təlimlər göstərir ki, Azərbaycan ordusu quruda, dənizdə və havada istənilən iqlim şəraitində qarşısına qoyulmuş hər hansı bir vəzifəni yerinə yetirməyə hər an hazırdır".

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani cəbhə bölgələrindəki hərbi hissələrdən, birbaşa ön səngərdən tədbirə gələn döyüş və mənəvi-psixoloji hazırlıqda fərqlənən əsgər və zabitləri tamaşaçılara təqdim edib. Son zamanlar düşmən kəşfiyyat-təxribat qruplarının qarşısının alınmasında, mövqelərimizi intensiv atəşə tutan Ermənistan silahlı qüvvələrinin susdurulmasında xüsusi rəşadət və şücaət nümunələri göstərən İlkin Muradovu, Təhmasib Abdullayevi və başqalarını tədbir iştirakçıları alqışlarla qarşılayıblar. Onlar cəbhə xatirələrini danışaraq ön səngərdəki əsgərlərimizin döyüş və vətənpərvərlik ruhunun yüksək olduğunu, postlarında hər an ayıq-sayıq dayandıqlarını diqqətə çatdırıblar.

Sonra döyüşdə fərqlənən hərbi qulluqçulara rektor tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Hacıqabul rayonunun Nəvahi kəndindən gələn şəhid qardaşı Elvin Qasımov çıxış edərək deyib ki, qardaşı Vüqar düşmən atəşlərini susdurarkən şəhid olub: "Hələ onun qırxı çıxmayıb. And içirəm ki, qardaşımın qisası qiyamətə qalmayacaq. Mən bu günlərdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi qardaşımın səngərində xidmətimi davam etdirəcəyəm".

Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı vətənpərvərlik marşı, mahnı və rəqslərindən ibarət geniş konsert proqramı ilə çıxış edib.

Sonda universitetin rəhbərliyi tərəfindən cəbhə bölgələrindən gələn hərbi qulluqçular üçün təşkil olunmuş ziyafətdə vətənpərvərlik mövzusunda söhbət davam edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi