Yuxarı

Sabahdan Azərbaycan və Türkiyə Silahlı Qüvvələri irimiqyaslı əməliyyat təlimlərinə başlayır

Təlimlər Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi plana əsasən həyata keçirilir

Bakı. 12 sentyabr. REPORT.AZ/ Sabahdan başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Bu barədə Report-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Sentyabrın 13-dən 20-dək keçirləcək təlimlərin birinci mərhələsində kəşfiyyatın bütün növlərinin, Xüsusi Təyinatlı Qüvvələrin, Hərbi Hava Qüvvələri, o cümlədən, hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti və uzlaşma məsələlərinin öyrənilməsi nəzərdə tutulub.

İkinci mərhələdə Quru Qoşunlarının birləşmə və hissələri müxtəlif şəraitlərdə, o cümlədən, dağlıq ərazidə hücum əməliyyatının təşkili və aparılması, taktiki hava desantının, reyd və ön dəstələrin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqları yerinə yetirəcəklər.

Təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 10.000 nəfərədək hərbi vəzifəli təlim toplanışına cəlb ediləcək. Döyüş hazırlığı çərçivəsində onlarla silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçiriləcək.

Üçüncü mərhələdə təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunacaq, praktiki raket buraxılışları və bombalama həyata keçiriləcəkdir.

Təlimlərə 30.000 nəfərədək şəxsi heyət, 250-dən artıq zirehli texnika, raket və artilleriya qoşunlarının 150-dən çox qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək təyyarəsi və 15 helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb ediləcək.

Qeyd edək ki, təlimlər Azərbaycan prezidenti  İlham Əliyevin təsdiq etdiyi plana əsasən həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi