Rusiyanın müdafiə naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub

Rusiyanın müdafiə naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub Rusiya nümayəndə heyəti “Mini Azərbaycan” sərgisi və Mərkəzin “Auditorium” zalı ilə tanış olub
Hərbi
15 Avqust , 2016 17:01
Rusiyanın müdafiə naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub

Bakı. 15 avqust. REPORT.AZ/ Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti avqustun 15-də Heydər Əliyev Mərkəzində olub.

"Report" xəbər verir ki, mərkəzin direktoru Anar Ələkbərov Sergey Şoyquya Heydər Əliyev Mərkəzinin dünya memarlığının nadir incilərindən hesab olunan binası və qurumun fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, ulu öndərin irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib. Bundan başqa, mərkəz Azərbaycan xalqının tarixi, dili, mədəniyyəti və digər milli sərvətlərinin beynəlxalq arenada populyarlaşmasına və təbliğinə, elmin dəstəklənməsinə və inkişafına, təhsilə, mədəniyyətə, səhiyyəyə, idmana, ekologiyaya və iqtisadiyyatın müxtəlif sahələrinə xidmət edən layihələr həyata keçirir.

Diqqətə çatdırılıb ki, məşhur memar Zaha Hadidin layihəsi əsasında tikilmiş Mərkəz dünya memarlığı siyahısına daxil edilib. Burada, həmçinin yerli, regional və beynəlxalq səviyyədə müxtəlif rəsmi qəbullar, konfranslar və digər tədbirlər keçirilir.

Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyi qonaqlarda böyük maraq doğurub. Muzeyin “Fotolarda əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və nailiyyətlər” bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim olunur.

Nümayəndə heyətinin üzvləri mərkəzdə, həmçinin “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Məlumat verilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətlərini, çoxəsrlik tarixini, mədəni irsini əks etdirən nadir eksponatlar nümayiş olunur. Sərgidə qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri yer alıb. Buradakı mis məmulatlar xüsusi maraq doğurur. Azərbaycanın qədim musiqi alətləri orijinal formada – səsli təqdim olunur. Azərbaycanın milli geyimlərinin, qədim sikkələrinin nümayiş olunduğu ekspozisiyada qonaqların diqqətinə müxtəlif dillərdə müqəddəs kitablar da çatdırılıb.

Nümayəndə heyəti, həmçinin “Mini Azərbaycan” sərgisi və Mərkəzin “Auditorium” zalı ilə tanış olub.

Daha sonra qonaqlara Mərkəzdə nümayiş etdirilən “Klassik avtomobil sərgisi” barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi