Yuxarı

Qazaxdan olan çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınıblar

Qazaxdan olan çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınıblar

Bu gün Qazax rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yola salınması mərasimi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) "Report"a verilən məlumata görə, çağırışçıları həqiqi hərbi xidmətə SHXÇDX-nin Qazax Rayon Şöbəsinin şəxsi heyəti, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının nümayəndələri, təhsil işçiləri, eləcə də ağsaqqallar, müharibə veteranları, valideynlər, gənclər və kütləvi informasiya vasitələrinin əməkdaşları yola salıblar.

Tədbir iştirakçıları və çağırışçılar əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər. Sonra dahi şəxsiyyətin adını daşıyan mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini, ordu quruculuğundakı xidmətlərini əks etdirən filmə baxıblar.

Daha sonra tədbir Gənclər Mərkəzinin qarşısında davam edib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi, mayor Mehman Rəhimov Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Bildirib ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuz dünyanın 50 ən güclü ordusu sırasındadır. O, çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, ölkəmizin keşiyində ayıq-sayıq dayanmağın, respublikamızın ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağın, hərb işinin sirlərinə dərindən yiyələnməyin vacibliyini diqqətə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çağırışçılara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə edib. O, Azərbaycan əsgərinə işğal altındakı torpaqlarımızda, eləcə də Qazaxın düşmən tapdağında olan yeddi kəndində üçrəngli Azərbaycan bayrağını dalğalandırmağı arzulayıb.

Şəhid anası Tamella Süleymanova, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, birinci qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, əsgər atası Baxış Hüseynov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik ediblər.

Valideynlər adından çıxış edən Füzuli Qasımov övladlarını hərbi xidmətə yola salmaları ilə fəxr etdiklərini deyib, Vətəni qorumağın müqəddəs vəzifə olduğunu bildirib.

Çağırışçı Natiq Novruzov tədbir iştirakçılarını əmin edib ki, hərbi xidmətə yola düşən gənclər Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlar.

Konsert proqramı ilə davam edən mərasimin sonunda gənclər Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi