"Paramount Group" şirkəti Azərbaycana silah satışını dayandırmayacaq

"Paramount Group" şirkəti Azərbaycana silah satışını dayandırmayacaq Ayvor İçikovits: "CAR və Azərbaycan arasında heç bir problem yoxdur"
Hərbi
25 Fevral , 2015 17:54
Paramount Group şirkəti Azərbaycana silah satışını dayandırmayacaq

Əbu-Dabi. 25 fevral. REPORT.AZ/ "Paramount Group" şirkətinin rəhbəri (CAR) Ayvor İçikovits (Ivor Ichikowitz) CAR parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycana silah satışının dayandırılması barədə çağırışları şərh edib.

A.İçikovits Əbu-Dabidə "İDEX-2015" Beynəlxalq Müdafiə Sərgisini işıqlandıran "Report" agentliyinin müxbirinə bildirib ki, bu məsələ hökumətin yeritdiyi siyasətə qarşı çıxan müxalifətdən olan deputat tərəfindən qaldırılıb. "Bu bəyanat özünə siyasi kapital qazanmaq üçün verilib. Həmin deputat Afrika Milli Konqresinin (AMK) nümayəndələrindən ibarət parlamentdəki 400 deputatdan biridir. Qərarları isə AMK qəbul edir”.

"CAR Azərbaycanı əmin edib ki, onunla əməkdaşlığı davam etdirəcək", - A.İçikovits əlavə edib.

O, həmçinin qeyd edib ki, CAR bloklara qoşulmayan ölkələrdəndir: "Nelson Mandela deyib ki, siz CAR-ın dostu ola bilərsiniz, lakin bizim üçün dost seçə bilməzsiniz. Bu, ölkənin özünəməxsus mövqeyidir. CAR və Azərbaycan arasında heç bir problem yoxdur. Hər ay biz Azərbaycana avadanlığın göndərilməsi üçün lisenziya alırıq. Ən əsası, deyə bilərəm ki, münasibətlərimiz inkişaf edir”.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Bakıda keçirilən "İDEX-2014" Beynəlxalq Müdafiə Sərgisi bitdikdən sonra Cənubi Afrika Respublikasının müxalifətyönümlü deputatı Devid Mayniyer CAR-ın Adi Silahlara Nəzarət üzrə Milli Komitənin sədri Ceff Radebeyə sorğu göndərərək, Azərbaycan və Ermənistana silah satışı məsələsinə aydınlıq gətirməyi xahiş edib. 

Onun fikrincə, beləliklə, CAR Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə, Cənubi Qafqaz regionunda vəziyyətin pozulmasına səbəb olur. 

Son xəbərlər

Orphus sistemi