Yuxarı

Nazirlik: “ADEX-2018” sərgisində 200-dən artıq şirkət iştirak edəcək

Nazirlik: “ADEX-2018” sərgisində 200-dən artıq şirkət iştirak edəcək
16.08.2018

Bakı. 16 avqust. REPORT.AZ/ “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə bağlı hazırlıq işləri davam etdirilir.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirliyin təşəbbüsü və təşkilatçılığı ilə sentyabrın 25-dən 27-dək Bakıda “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi keçiriləcək.

Bildirilib ki, regionda ilk dəfə 2014-cü ildə “ADEX” adı altında Azərbaycanda keçirilən və iki ildən bir təkrarlanan bu sərgi, silah və hərbi texnikanın nümayişi üçün təşkil olunan ən genişmiqyaslı tədbirlərdəndir: "Üçüncü dəfə təşkil olunan “ADEX” sərgisi, müasir silah və avadanlıqların möhtəşəm nümayişi ilə yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin aydın göstəricisi olacaqdır. Sərgini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ənənəvi olaraq ziyarət etməsi tədbirin əhəmiyyətini hər zaman daha da artırır".

Bakı Ekspo Mərkəzində keçiriləcək “ADEX-2018” sərgisində dünyanın inkişaf etmiş ölkələrindən 200-dən artıq şirkətin iştirakı nəzərdə tutulur. Azərbaycan, Türkiyə, Fransa, Rusiya, İsrail, Belarus, Pakistan, Serbiya, Ukrayna və digər ölkələr bu sərgidə milli qruplarla çıxış edəcəklər. İştirakçı ölkələr arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sənayesi sektorunu təmsil edən aparıcı şirkətlər də yer alacaq. Sərgi Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edəcəkdir.

Müdafiə Sənayesi Nazirliyinin pavilyonu mərkəzin üçüncü zalında yerləşəcək və bu pavilyonda nazirliyin müəssisələrində yaradılan və istehsal olunan ən son silah və hərbi texnikalar nümayiş olunacaqdır. Burada iştirakçılar və ziyarətçilər, Azərbaycan müdafiə sənayesinin yenilikləri, inkişaf etməkdə olan potensialı ilə yaxından tanış ola biləcəklər.

Sərginin işgüzar proqramı çərçivəsində ölkənin müdafiə və təhlükəsizliyi üçün nəzərdə tutulan innovativ tədqiqat, məhsul və texnologiyalar sahəsində təqdimatlar, eləcə də xarici nümayəndə heyətləri, istehsalçı şirkətlər və sifarişçilər ilə ikitərəfli görüşlər keçiriləcək. Beləliklə, “ADEX-2018” sərgisi ən son silah nümunələrini nümayiş etdirmək və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün ideal platformaya çevriləcək.

“ADEX-2018” sərgisinə yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən böyük maraq göstərilir. Artıq, sərgi 60-dan çox yerli və beynəlxalq aparıcı medianın - xəbər agentliklərinin, veb saytların, jurnalların informasiya dəstəyi ilə təmin olunub.

Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək sərgiyə Müdafiə Nazirliyi dəstək verir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (CEO) şirkəti iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi