Yuxarı

Nazir müavini: "Ermənistanda keçirilən parad sadəcə parodiya idi"

Biz ordumuzu kifayət qədər silah-sursat, döyüş texnikası ilə təmin etməyə qadirik

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Azərbaycanın heç bir ölkədən pulsuz silah-sursat almasına ehtiyac yoxdur". 

"Report"un məlumatına görə, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın xarici ölkələrdən müasir texnologiyalar alıb silah-sursat istehsal etməyə gücü var: "Biz ordumuzu kifayət qədər silah-sursat, döyüş texnikası ilə təmin etməyə qadirik".

Y.Musayev qeyd edib ki, Ermənistanda keçirilən parad sadəcə parodiya idi.

Nazirlik rəsmisi Ermənistandakı "İskəndər M" raketlərinə bərabər kompleksin Pakistandan alınması üçün danışıqların aparılması ilə bağlı sualı cavablayarkən vurğulayıb ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi istehsalçıdır və silah-sursat almır: "Bu sualı Müdafiə Nazirliyinə ünvanlasanız, daha yaxşı olar".

O, həmçinin bildirib ki, Azərbaycanın istehsal etdiyi məmulatlara olan tələbatın çoxluğundan bəzi sifarişlərdən imtina edilir: "Qısa müddətdə istehsal etməyə vaxtımız və imkanımız yoxdur. Müraciətlər əsasən Avropa, Afrika və Asiya ölkələrindəndir. Onlar ən çox döyüş sursatları, silahlar almaq istəyirlər. Silahlarımız rəqabətli, keyfiyyətlidir və həmin məmulatlar dünya bazarındakı qiymətlərə uyğun satılır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi