Yuxarı

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilib

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov hərbi təlimi izləyib

Bakı. 20 iyun. REPORT.AZ/ İyunun 20-də Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilib. "Report" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Ali Məclisin sədrinə raport verib.

Təlimə 2085 nəfər şəxsi heyət, 200-dən artıq döyüş və müxtəlif təyinatlı texnikalar cəlb olunub. Qüvvə və vasitələrə ərazinin xarakterinə uyğun olaraq hədəf şəraiti yaradılıb. Təlimin keçirilməsi qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və döyüş uzlaşmasının səviyyəsinin artırılması məqsədi daşıyıb. Təlim 3 mərhələdə həyata keçirilib.

Birinci mərhələdə müdafiə əməliyyatlarının aparılması, düşmənin hücumunun dayandırılması və əks-zərbə hazırlığının başa çatdırılması, ikinci mərhələdə əks-zərbənin endirilməsi, düşmən bölmələrinin məhv edilməsi və itirilmiş ərazilərin bərpası, üçüncü mərhələdə isə hücumun inkişaf etdirilməsi, düşmənin müdafiə dərinliyində əlverişli sahələrin ələ keçirilməsi və nəzarətdə saxlanılması tapşırıqları icra olunub.

Təlimdən sonra şəxsi heyətlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təlimin uğurla başa çatması münasibətilə zabit, gizir və əsgərləri təbrik edib. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlim zamanı qarşıya qoyulan məqsədlərə tam nail  olunduğunu və Əlahiddə Ümumqoşun Ordunun bundan sonra da istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır olduğunu bildirib, muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq edib.

Ali Məclisin sədri təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb. Bütün şəxsi heyətə Ali Məclisin sədri adından təşəkkür elan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi