Yuxarı

Müdafiə Sənayesi Nazirliyinin məmulatları “DSA-2016” sərgisində nümayiş etdirilib

Azərbaycan sərgidə milli pavilyon ilə təmsil olunub

Bakı. 22 aprel. REPORT.AZ/Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar aprelin 18-dən 21-dək Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən “DSA-2016” XV Asiya müdafiə xidmətləri sərgisində nümayiş etdirilib. Nazirlikdən "Report"a verilən məlumata görə, müdafiə sənayesi naziri Yavər Camalovun başçılığı ilə geniş tərkibli nümayəndə heyəti sərgidə iştirak etmək üçün Malayziyada səfərdə olub.

Dünyanın 60 ölkəsindən 1200-dən çox şirkətin qatıldığı sərgidə yalnız 29 ölkə, o cümlədən Azərbaycan milli pavilyon ilə təmsil olunub.

MSN sərgidə müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikalar, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları, atıcı silahlar üçün çeşidli döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazlar və s. olmaqla ümumilikdə 220 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib. Nazirliyin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində nazir Yavər Camalovun Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpay, Quru Qoşunlarının qərargah rəisi İhsan Uyar, Silahlı Qüvvələrin Gücləndirmə Fondunun baş direktoru Orhan Akbaş, Pakistanın müdafiə məmulatları federal naziri Rana Tanveer, Malayziyanın müdafiə naziri Hishammuddin Hussein, Çexiyanın müdafiə nazirinin müavini Thomas Kuctan və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri keçirilib.

Görüşlərdə mövcud əlaqələrin inkişafı və prioritet istiqamətlərinə dair müzakirələr aparılıb. Tərəflər müdafiə sənayesi üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının zəruriliyini vurğulayıblar.

Sərgidə nazirliyin əməkdaşları tərəfindən tədbirə qatılan digər ölkələrin nümayəndə heyətlərinə sentyabrda Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sərgisi ilə bağlı məlumat verilib və dəvətlər çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi