Yuxarı

​Müdafiə Nazirliyində xarici dövlətlərin hərbi attaşeləri ilə toplantı keçirilib

Tədbirdə 24 ölkədən 33 nümayəndə iştirak edib

Bakı. 4 dekabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, dekabrın 4-də xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantısı keçirilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə 24 ölkədən 33 nümayəndə iştirak edib.

Toplantıda çıxış edən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov regionda mövcud olan hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də Silahlı Qüvvələrdə aparılan islahatlar, inkişaf perspektivləri barədə qonaqlara ətraflı məlumat verib.

Görüşdə il ərzində beynəlxalq hərbi əməkdaşlıq sahəsində həyata keçirilən fəaliyyətlər hərbi attaşelərin diqqətinə çatdırılaraq “Azərbaycan Respublikasında akkreditə olunmuş Hərbi Attaşelik Aparatlarının fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsi Qaydaları” və 2016-cı ildə planlaşdırılan tədbirlər barədə brifinq təqdim olunub.

Hərbi Attaşelər Assosiasiyası adından Polşa Respublikası Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Zbiqnev Vasilevskiy çıxış edərək yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi