Yuxarı

Müdafiə Nazirliyi: "Silahlı Qüvvələrin zabitlərinin maaşının azaldılması haqda məlumat yalan və əsassızdır"

Tam əksinə, hərbi qulluqçuların maaşları faiz baxımından artıb, şəxsi heyətin və ailə üzvlərinin sosial təminat bazası gücləndirilib

Bakı. 16 yanvar. REPORT.AZ/ "Silahlı Qüvvələrimizin maliyyələşməsi haqqında bəzi elektron kütləvi informasiya vasitələrində yalan və əsassız məlumatların yer alması yalnız təəssüf və təəccüb hissi doğurur".

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan məlumatda belə deyilir.  

Məlumatda qeyd olunub ki, Müdafiə Nazirliyi səsləndirilən bu qeyri-ciddi iddiaları tamamilə rədd edir: "Belə ki, 2016-cı ildə müdafiə sahəsi üçün nəzərdə tutulan xərclər ötən illə müqayisədə xeyli miqdarda artıb. Hərbi qulluqçuların pul təminatı azalmayıb, Silahlı Qüvvələrin ümumi sayında heç bir dəyişiklik yoxdur. Tam əksinə, mərkəzi aparatda və qərargahlarda edilən ştat-struktur dəyişikliyi nəticəsində optimallaşmaya nail olunub, ön xətdə yerləşdirilən yeni döyüş təyinatlı hərbi hissələrdə ixtisaslı vəzifələrin sayı çoxalıb. Bunun hesabına hərbi qulluqçuların maaşları faiz baxımından artıb, şəxsi heyətin və ailə üzvlərinin sosial təminat bazası gücləndirilib".

Nazirlikdən bildirilib ki, 2016-cı il ərzində Ali Baş Komandanın tapşırığına əsasən bu istiqamətlərdə görülən işlər yenə də davam etdiriləcək.

Məlumata görə, il ərzində 10-a yaxın yeni hərbi şəhərciyin, eləcə də xidməti və daimi mənzilərin istifadəyə verilməsi planlaşdırılır: "Novruz bayramı günlərində açılacaq 3 yeni hərbi şəhərcik də görüləcək fəaliyyətlərin bariz nümunəsi olacaq. Bu ərəfədə Silahlı Qüvvələrdə təşkil ediləcək “Açıq qapı" günündə valideynlər və ictimaiyyət nümayəndələri də deyilənlərin şahidi olacaqlar".

Müdafiə Nazirliyindən bildirilib ki, eyni zamanda döyüş hazırlığının gücləndirilməsi istiqamətində planlaşdırılan ikitərəfli, çoxtərəfli beynəlxalq, o cümlədən birlik və birləşmə səviyyəsində, müxtəlif qoşun növlərinin cəlb olunması ilə xeyli sayda təlimlər də keçiriləcəkdir: "Bir daha bildiririk ki, Silahlı Qüvvələrimizlə bağlı hər hansı məlumat yayarkən şəxsi maraqları kənara qoyub, xalqın maraqlarından və dövlətin təhlükəsizliyi mənafeyindən çıxış etmək zəruridir.

Silahlı Qüvvələrdə il ərzində görülən işlər, fəaliyyətlər, həyata keçirilən bütün tədbirlər barədə Müdafiə Nazirliyi şəffaf şəkildə, vaxtında və faktlarla məlumatları ictimaiyyətə təqdim edəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi