Yuxarı
    Bağlamaq

    Müdafiə Nazirliyi Gədəbəydə kütləvi hərbi vətənpərvərlik bayramı tədbiri keçirib

    Tədbirdə cəbhədəki real vəziyyət təhlil olunub.

    Bakı. 4 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilmiş Komanda Qərargah Hərbi Oyunları Silahlı Qüvvələrimizin gücünü bir daha nümayiş etdirib.

    Prezidentin tapşırığına əsasən, irimiqyaslı təlimlər zamanı Müdafiə Nazirliyinin rəhbər heyəti ilə cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçılarını müdafiə və təhlükəsizlik məsələləri üzrə qarşılıqlı əlaqələrin təşkili mövzusunda birgə müsavirə keçirilib.

    Tədbirdə cəbhədəki real vəziyyət təhlil olunub, gərginliyin artması zamanı yarana biləcək təhdid və riskləri əvvəlcədən önləmək məqsədilə müəyyən problemlərin və onların həllinin tapılması istiqamətində müzakirələr aparılıb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin Gədəbəy Rayon Icra Hakimiyyəti ilə birlikdə “Hər kənddən bir ağsaqqal, hər səngərdən bir əsgər” devizi altında təşkil etdiyi kütləvi hərbi vətənpərvərlik bayramı həmin müşavirədən sonra respublikada keçirilən və xalqla ordunun birliyinin nümayişinə çevrilən tədbirlərdəndir.

    Müdafiə Nazirliyi, rayon icra hakimiyyəti, eləcə də ictimaiyyətin nümayəndələri əvvəlcə Heydər Əliyev parkına gedərək xalqımızın Ümummilli Liderinin xatirəsini hörmət və ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar. 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olan həmvətənlərimizin şərəfinə ucaldılmış abidə kompleks və şəhidlər xiyabanı ziyarət edilib.

    Müdafiə Nazirliyinin zabiti, hərbi vətənpərvərlik bayramının ssenari müəllifi və quruluşçu rejissoru polkovnik Abdulla Qurbani belə bir möhtəşəm tədbirin Gədəbəy rayonunda keçirilməsinin təsadüfi olmadığını vurğulayıb. Qeyd olunub ki, gədəbəylilər bütün zamanlarda Vətənə, xalqa, dövlətə sədaqət nümunələri göstərib, torpağı əkib-becərdikləri kimi onu həm də mərdliklə qoruyublar.

    Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov tədbir iştirakçılarına ordu mövzusunun, vətənpərvərlik tərbiyəsi işinin bu gün Gədəbəydə də əsas mövzu olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, həm Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, həm də bu gün həmin mövzu Gədəbəy rayonunda prioritetdir. Hazırda bütün qoşun növlərində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində yüzlərlə rayon sakini öz əsgəri borcunu şərəflə yerinə yetirir, Vətənə, xalqa xidmət peşəsinə, hərbi ixtisaslara böyük həvəslə yiyələnirlər. İcra başçısı deyib ki, ermənilərin gözü həmişə Gədəbəy rayonunda da olub. 1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan məcburi qovulmasına nail olan ermənilər 1968-1969-cu illərdə himayədarlarının köməyi ilə Şınıx bölgəsində yerləşən Qaravəllilər, Hacılar, Göyəli kəndlərinə məxsus 730 hektar torpağın zəbt olunmasına, Tağılar kəndinin əhalisinin isə öz doğma yurd-yuvalarından köçürülməsinə nail olsalar da, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan hakimiyyətinə gəlişi ilə bu hadisələrə dərhal müdaxilə edilib və Ulu Öndərimizin apardığı məqsədyönlü siyasət nəticəsində məsələ öz operativ həllini tapıb və digər rayonlarımızda olduğu kimi Gədəbəydə də geniş quruculuq-abadlıq işlərinə başlanılıb.

    Gədəbəylilər keçən əsrin əvvəllərindən erməni daşnaklarına qarşı mübarizədə, Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin qazanılmasında, eləcə də Qarabağ müharibəsində öz layiqli sözlərini deyiblər. İki nəfər Sovet İttifaqı Qəhrəmanı, dörd nəfər Azərbaycanın Milli Qəhrəmanı əslən Gədəbəy rayonundandır.

    Diqqətə çatdırılıb ki, Ulu Öndər Kremldən uzaqlaşdırıldıqdan sonra Gədəbəy rayonu yenidən ermənilərin hədəfinə çevrilib. Şınıx bölgəsinin iki kəndi, Mutudərə və Qasımağalı kəndləri yandırılıb. Lakin buna baxmayaraq, Milli Ordumuzun mərd və mübariz əsgərləri, eləcə də Gədəbəyin igid oğulları erməni quldurlarını dərhal Başkənd kəndindən və Şınıx bölgəsinin işğal edilmiş hissələrindən tamamilə təmizləyiblər.

    Ulu Öndərin yenidən Azərbaycan hakimiyyətinə qayıdışı və prezident seçilməsi gədəbəylilərin də vətənpərvərlik ruhunu daha da artırıb və onlar həm ön, həm də arxa cəbhədə yenə öz xidmətləri ilə Vətənə bağlılıqlarını bir daha sübut ediblər.

    Gədəbəy rayonu bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında yeni uğurlara doğru inamla irəliləyir.

    Tədbir iştirakçılarını müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından salamlayan Müdafiə Nazirliyi mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi general-mayor Rasim Əliyev bundan sonra da Gədəbəyin müdafiəsi üçün səylər göstəriləcəyini və tezliklə işğal altında olan torpaqlarımızın azad ediləcəyini qeyd edib.

    Polkovnik Oruc Abdullayev Azərbaycan əsgərinin digər bölgələrdə olduğu kimi bu bölgənin də keşiyində ayıq-sayıq dayandığını, hər gün atəşkəsi bir neçə dəfə pozan düşmənin vaxtında susdurulduğunu, son vaxtlar isə qarşı tərəfin həm texnika, həm də canlı qüvvə sarıdan xeyli itki verdiyini bildirib.

    Zabit rayon rəhbərliyi və ictimaiyyətinin orduya göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib və onları əmin edib ki, Gədəbəy rayonu bundan sonra da etibarla qorunacaq, təhlükəsizlik və əmin-amanlıq yüksək səviyyədə təmin ediləcək.

    Teatrlaşdırılmış kütləvi mərasim videoçarxların, bədii özfəaliyyət kollektivlərinin, incəsənət ustalarının, Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının çıxışları ilə davam edib. Ön səngərdən gələn əsgərlər alqışlarla qarşılanıb. Ağsaqqallar onlara xeyir-dua verib, xidmətləri yüksək qiymətləndirilib. Döyüş və mənəvi-psixoloji hazırlıqda fərqlənən hərbçilərə, ön səngərdən gələn döyüşçülərə rayonun icra hakimiyyətinin təsis etdiyi fəxri nişanlar və fərmanlar təqdim edilib.

    Tədbirin sonunda Oğuz elinin ağsaqqalı Dədə Qorqudun gəlişi ağsaqqalları köylərə, el-obanı bir ocaq başına yığmağa, camaatı yağılarla savaşa ruhlandırmağa, qələbə tonqalı çatmaq üçün tədarük görməyə, ərənləri isə ön səngərə, sonuncu qələbə ilə nəticələnəcək müqəddəs savaşa atılmağa, Xankəndi, Şuşa, Laçın və digər işğal altında olan torpaqlarımıza qələbə bayrağı sancmağa səsləməsi böyük alqışlara səbəb oldu.

    Mərasimdən sonra Heydər Əliyev parkında mindən çox tamaşaçı əsgər yeməyi və təamının dadına baxıb.

    Bu yaxınlarda Beyləqan, Ağdaş, Ağcabədi, Füzuli və digər bölgələrimizdə də xalqla ordunun birliyinə həsr olunmuş kütləvi hərbi vətənpərvərlik bayramları keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi