​Moskvadakı hərbi paradda Azərbaycan hərbçilərindən ibarət bölmə iştirak edəcək

​Moskvadakı hərbi paradda Azərbaycan hərbçilərindən ibarət bölmə iştirak edəcək Zakir Həsənov 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb
Hərbi
2 May , 2015 16:10
​Moskvadakı hərbi paradda Azərbaycan hərbçilərindən ibarət bölmə iştirak edəcək

Bakı. 2 may. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 9 may - faşizm üzərində Qələbənin 70-ci ildönümü ərəfəsində 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb. Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənimizin qələbə naminə canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, o cümlədən veteranların döyüşlərdə, ön və arxa cəbhədə qəhrəmanlıq, böyük fədakarlıq göstərmələrini diqqətə çatdırıb.

General-polkovnik Z.Həsənov veteranların bu gün də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəməməsini yüksək dəyərləndirib.

“Bu il yubiley tədbirlərində, Moskva şəhərində keçiriləcək hərbi paradda Silahlı Qüvvələrimizin hərbi qulluqçularından ibarət bölmə də iştirak edərək bayrağımızı uca tutacaqdır. Eyni zamanda, biz bununla bütün dünyaya göstərəcəyik ki, ağır müharibə illərində Siz veteranların əldə etdiyi qələbə Azərbaycan üçün nə qədər əziz və vacibdir.

Təəssüflər olsun ki, bu bayram ərəfəsində bizim üzüntümüz də var. Qədim və əzəli Azərbaycan torpaqları hələ də işğal altındadır.

Ancaq Siz veteranlar və bütün xalqımız əmin olmalıdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Ordumuz ən müasir silah-sursat, döyüş texnikası ilə təchiz olunub. Silahlı Qüvvələrin şəxsi heyəti gecə və gündüz döyüş hazırlığını yüksəltmək məqsədilə hərbi poliqonlarda təlimlər keçirməklə öz peşəkarlıq səviyyəsini artırır”.

Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev və digər qonaqlar dəyirmi masa arxasında ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətə, ölkə Prezidentinə, Ali Baş Komandana həmişə sadiq olan bütün müharibələrin veteranlarının müasir mərhələdə respublikamızın ictimai-siyasi həyatında xidmətlərindən bəhs edərək tarixi qələbənin 70-ci ildönümü ilə əlaqədar Azərbaycanda keçiriləcək tədbirlər barədə söhbət aparıblar.

Görüşdə veteranlar adından Müdafiə nazirinə “Veteranların qayğıkeşi” diplomu və “Veteran həmrəyliyi” medalı təqdim olunub.

Sonda Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupuna pul mükafatının verilməsi haqqında müdafiə nazirinin əmri elan edilib və görüş iştirakçıları xatirə şəkili çəkdiriblər.

Son xəbərlər

Orphus sistemi