Yuxarı

​Milli Qurtuluş Günü hərbi hissələrdə təntənə ilə qeyd olunub

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi anılıb

Bakı. 13 İyun. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 15 iyun Milli Qurtuluş Günü ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iyunun 13-də hərbi hissədə keçirilən tədbirdə polkovnik İlqar Nəsibovun giriş nitqindən sonra Ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.

Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin şəxsi heyətinə təbrikini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Təbrikdə deyilir: "22 ildir ki, xalqımız 15 iyun gününü ümumxalq bayramı kimi qeyd edir. Azərbaycanın “olum, ya ölüm” seçimi qarşısında qaldığı, azadlığımızın və müstəqilliyimizin böyük təhlükə ilə üzləşdiyi 1993-cü ilin dəhşətli iyun günlərində xalqın təkidli xahişi və tələbi ilə Ulu Öndər Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı müstəqilliyini yenicə bərpa etmiş respublikamızı məhv olmaq fəlakətindən xilas etdi və xalqımızın tarixinə Milli Qurtuluş günü kimi əbədi həkk olundu. “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyən Ümummilli Liderimiz Vətən və xalq naminə çox ağır və məsuliyyətli missiyanı öhdəsinə götürərək bu yolda hər bir azərbaycanlı üçün örnək ola biləcək fədakarlıq nümunələri göstərdi. Unudulmaz dahi rəhbərimiz xalqı öz inamını itirməməyə, məsləkindən dönməməyə, Azərbaycanın müstəqilliyi, milli azadlığı, müstəqil dövlət kimi əbədi yaşaması yolundan çəkinməməyə, ölkəmizi düçar olduğu böhrandan çıxarmağa çağırdı.

Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Milli Ordu quruculuğunda yeni bir mərhələnin əsası qoyuldu. Ulu Öndərimizin xalqa tarixi müraciəti milli şüurun oyanışında, xalqın bir bayraq altında, bir amal uğrunda birləşib, ümumi düşmənə qarşı səfərbər olmasında, ordu ilə xalqın monolit birliyinin yaranmasında, Azərbaycan əsgərinin döyüş və vətənpərvərlik ruhunun yüksəlməsində çox mühüm rol oynadı."

Təbrikdə qeyd olunub ki, Qarabağ müharibəsinin veteranları qanlı döyüşlər getdiyi vaxtlarda əbədiyaşar Ali Baş Komandanımızın tez-tez cəbhə bölgələrinə etdiyi səfərləri, üzərində “Heydər Əliyev uğrunda!” sözləri yazılmış döyüş texnikalarının düşmən üzərinə qətiyyətli hücumlarını yaxşı xatırlayırlar. Məhz müasir Silahlı Qüvvələrimiz Ulu Öndərmizin sayəsində yenidən quruldu, formalaşdı, möhkəmləndi və vahid mərkəzdən idarə olunan mütəşəkkil qüvvəyə çevrildi.

Xalqımız və dövlətimiz, eləcə də Silahlı Qüvvələrimizin şəxsi heyəti Ümummilli Liderimizin ölkənin siyasi, iqtisadi, mədəni həyatında olduğu kimi ordu quruculuğu sahəsində də möhtəşəm xidmətlərini heç vaxt unutmur.

Müdafiə nazirinin təbrikində vurğulanır ki, Azərbaycan Silahlı Qüvvələri Ulu Öndərmizin layiqli davamçısı möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında daha da qüdrətlənmiş və qarşısına qoyulmuş hər bir vəzifəni layiqincə yerinə yetirməyə qadirdir. Ordumuz ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunmuşdur.

Daha sonra Müdafiə naziri əmin olduğunu bildirib ki, xalqına, dövlətinə, Prezidentinə, öz Ali Baş Komandanına arxalanan Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək, tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın xilas edilməsinə nail olacaqdır.

Tədbir iştirakçılarına Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun da təbriki çadırılıb.

Təbrikdə deyilir: "Siyasi fəaliyyəti və zəngin həyat yolu ilə yaddaşlarda əbədiyyət qazanmış Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın iradəsi ilə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra müstəqilliyimiz üçün təhlükə yaratmış separatçılıq hərəkatına son qoymuş, Vətənimizi vətəndaş müharibəsi, dövlətimizi parçalanmaq təhlükəsindən xilas etmiş, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasına, cəmiyyətin vahid məqsəd ətrafında daha çox səfərbər edilməsinə və vətənimizin müdafiə qüdrətinin möhkəmləndirilməsinə güclü təkan vermişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi, müasir, mütəşəkkil ordunu yaratmaq Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri olmuşdur. Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusu olmaqla yanaşı, həm də müasir Azərbaycan ordusunun yaradıcısı, baş memarıdır. Bu əlamətdar gündə biz Ulu Öndərmizin ordu quruculuğu sahəsində möhtəşəm xidmətlərini bir daha dönə-dönə xatırlayır və əbədiyaşar Ali Baş Komandanımızı hörmət və ehtiramla yad edirik.

Xalqımızın Ümummilli Liderinin siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandanımızın Prezident kimi fəaliyyətində ordu quruculuğu məsələləri prioritetdir.

Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası durmadan möhkəmlənir, yeni silah və sursatlar, döyüş təyyarə və helekopterləri, zenit-raket kompleksləri, gəmilər alınır, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik ruhu yüksək səviyyədədir.

Əmin olduğumu bildirirəm ki, Siz bundan sonra da, Heydər Əliyev ideyalarına sadiq qalaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Müdafiə naziri general-pokovnik cənab Zakir Həsənovun qarşıya qoyduqları vəzifələri şərəf və ləyaqətlə yerinə yetirəcək, göstərilən etimadı nümunəvi xidmətlərinizlə doğruldacaq və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi naminə Vətənin çağırışına hər an hazır olacaqsınız".

Tədbirdə millət vəkili, iqtisadiyyat elmləri doktoru, professor Xanhüseyn Kazımlı çıxış edərək Ulu Öndərimizin hakimiyyətə qətiyyətli qayıdışı ilə iqtisadi, siyasi və mədəni həyatında, eləcə də ordu quruculuğunda yeni bir mərhələnin başlandığını qeyd edib və böyük iftixar hissi ilə bildirib ki, açılışı baş tutan I Avropa Oyunları ümummilli lider Heydər Əliyevin ardıcıllarının təntənəsidir. Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir, xalqımızın və dövlətimizin nüfuzu durmadan artmaqdadır.

Çıxışının sonunda millət vəkili "Böyük siyasətin davamı" çoxcildliyinin 7 cildini hərbi hissənin kitabxanasına hədiyyə edib.

Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayevin Ulu Öndərimizlə bağlı xatirələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Polkovnik Münasib Babayev də hələ Bakı Ali Hərbi Məktəbinin kursantı olduğu vaxtdan Ulu Öndərlə olan görüşlərini xatırlayıb.

Tədbirin sonunda incəsənət ustalarının ifasında mahnılar səsləndirilib və xatirə şəkli çəkilib. Hərbi şəhərcikdə görülən işlərdən məmnun qalan qonaqlar şəxsi heyətin Ali Baş Komandanın hər bir əmrinə daim hazır olduqlarının şahidi olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi