Həzi Aslanovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib

Həzi Aslanovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib Həzi Aslanovun nəvəsi Emin Aslanov Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib
Hərbi
24 Yanvar , 2017 17:52
Həzi Aslanovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Bu gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Şəhidlər xiyabanında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun abidə-kompleksi önündə anım tədbiri keçirilib.

"Report"un xəbərinə görə, tədbir iştirakçıları Həzi Aslanovun abidə-kompleksi önünə əklil və gül dəstələri qoyub, generalın xatirəsini hörmət və ehtiramla yad ediblər.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək bildirib ki, xalqımızın igid övladı, Böyük Vətən müharibəsinin iştirakçılarından olan Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaşımız üçün nümunədir. Ümummilli lider Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar imzalayıb. Bu diqqət Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilir.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov H.Aslanovun şərəfli döyüş yolundan danışaraq qeyd edib ki, o, Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biridir.

Bildirilib ki, 1941-ci ilin iyununda müharibənin od-alovları içərisinə atılan qəhrəman həmyerlimizin komandanlıq etdiyi tank briqadası Donbas, Moskva, Xarkov, Stalinqrad, Taqanroq, Kursk və digər ərazilərin faşizmdən azad olunmasında fəal iştirak edib. Həzi Aslanov 34 yaşında Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülüb. Onun adı qəhrəmanlıq simvoluna çevrilib.

Sonra Həzi Aslanovun nəvəsi Emin Aslanov göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə əfsanəvi qəhrəmanın xatirəsi anılıb.

Görkəmli sərkərdəyə həsr olunan filmin nümayişindən sonra Mərkəzi Zabitlər Evinin mədəni-kütləvi iş bölməsinin müdiri Gülxar Məmmədova Həzi Aslanovun mənalı həyat və döyüş yolları barədə məruzə ilə çıxış edib.

Anma mərasimi Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə başa çatıb.

Lənkəran qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə də Həzi Aslanovun ev-muzeyində zabit və əsgərlərin, müharibə veteranlarının, məktəblilərin və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə anma mərasimi keçirilib. Mərasimdə cəsur sərkərdənin keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar haqqında ətraflı məlumat verilib.

Anma mərasimində Lənkəran qarnizonu Zabitlər Evinin nəzdində fəaliyyət göstərən məktəblilərdən ibarət “Gənc Aslanovçular” qrupu qəhrəmana həsr etdikləri bədii kompozisiyanı nümayiş etdirib.

C.Naxçıvanski adına Hərbi Liseydə də həmişə olduğu kimi Həzi Aslanovun xatirəsi böyük sevgi ilə anılıb.

Liseyin kursantları Şəhidlər xiyabanında cəsur sərkərdə Həzi Aslanovun abidə-kompleksini ziyarət edib, qəhrəmanın xatirəsini ehtiramla anıblar.

Kursantlar Həzi Aslanov kimi cəsur qəhrəmanlarla fəxr etdiklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi