Yuxarı

Həzi Aslanovun anadan olmasından 105 il ötür - FOTO

İki dəfə Sovet İttifaqı Qəhrəmanının Ev Muzeyində Həzi burda doğulub adlı tədbir keçirilib

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının105 illiyi qeyd olunub. 

Həzi Aslanovun Ev Muzeyinin direktoru Tamara Fətullayeva "Report"a bildirib ki, səhər saatlarından başlayaraq yerli sakinlər, hərbçilər, tələbələr, rayon ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivi və məktəbəqədər təhsil müəssisələrinin uşaqları Həzi Aslanovun Lənkərandakı abidəsini ziyarət edib, önünə əklil qoyublar.

Daha sonra tədbir Lənkəran Dövlət Dram Teatrında davam edib. Burada Həzi Aslanovun döyüş yolunu əks etdirən ədəbi bədii kompazisiya və sənədli filim nümayiş olunub.

Həmçinin Həzi Aslanovun 105 illiyi münasibətilə qəhrəmanın Ev Muzeyində "Həzi burda doğulub" adlı tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyəti, ziyalılar, Lənkəranda yerləşən hərbi hissələrin gənc əsgərləri və rayon ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Qəhrəmanın doğulduğu ev hazırkı saatlara qədər ziyarət olunur, büstün önünə gül və əklillər qoyulur.

Qeyd edək ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi Aslanov özünü bacarıqlı sərkərdə kimi göstərib. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görülüb. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi