“Heydər Əliyev və Azərbaycan Ordusu” mövzusunda konfrans keçirilib

“Heydər Əliyev və Azərbaycan Ordusu” mövzusunda konfrans keçirilib Bakı. 4 may. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə mayın 4-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) “Heydər Əliyev və Azərbaycan Ordusu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Hərbi
4 May , 2018 17:09
“Heydər Əliyev və Azərbaycan Ordusu” mövzusunda konfrans keçirilib
mod.gov.az

Bakı. 4 may. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə mayın 4-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) “Heydər Əliyev və Azərbaycan Ordusu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov konfransda çıxış edərək deyib ki, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyev qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır: “Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə qısa vaxtda xalqımız mühüm uğurlar əldə etdi. Həmin illərdə Azərbaycanın gələcəyi naminə atılan uğurlu addımlardan biri də gənclərimizin Sovet İttifaqının nüfuzlu ali hərbi məktəblərinə göndərilməsi olub. Bu gün Azərbaycan dövlətinin rifahının, təhlükəsizliyinin təmin olunması Ulu Öndərin ordu quruculuğu sahəsində uzaqgörən fəaliyyətinin bəhrəsidir. Heydər Əliyev respublikamıza ilk dəfə rəhbərlik etdiyi illərdə tez-tez hərbi təhsil müəssisələrinə baş çəkir, istər zabitlər, istərsə də kursantlar arasında azərbaycanlıların azlıq təşkil etməsi ilə heç vaxt barışmırdı. Ötən əsrin 70-ci illərində Ulu Öndərin birbaşa təşəbbüsü ilə Bakıda ilk ibtidai hərbi məktəbin - indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, respublikamızın həyatında olduqca mühüm hadisə oldu. Sonrakı illərin təcrübəsi göstərir ki, həmin təhsil müəssisəsi Azərbaycan gəncliyinin hərbi peşələrə marağının yüksəldilməsində müstəsna rol oynayıb. Məktəbin məzunları olmuş bir çox zabitlər müstəqillik dövründə Milli Ordumuzun formalaşmasında, torpaqlarımızın müdafiəsində qəhrəmanlıqlar göstəriblər”.

N.Osmanov deyib ki, Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işi yeni dövrün tələbləri əsasında inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsinə nail olub. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Fizuli Salahov ulu öndər Heydər Əliyevin müasir mütəşəkkil ordumuzun yaranmasında müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri arasında Azərbaycan Ordusunun formalaşması və inkişafı xüsusi yer tutur. Ordunun müstəqilliyin qorunmasında və ərazi bütövlüyünün təmin olunmasında həyati əhəmiyyətini nəzərə alan dahi rəhbər bu sahəyə daim böyük diqqət yetirib. Azərbaycanın geosiyasi, geostrateji baxımdan mühüm regionda yerləşməsi ölkənin müdafiə qabiliyyətinin artırılmasını şərtləndirir. Məhz bu baxımdan ulu öndər Heydər Əliyev Azərbaycan Ordusunun formalaşmasını, onun hərbi potensialının artırılmasını, xüsusilə peşəkar milli zabit kadrlarının yetişdirilməsini daim diqqətdə saxlayırdı.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə Azərbaycan hakimiyyətinə qayıdışından sonra qısa müddətdə güclü nizami ordu formalaşdırıldı. Bu gün ordu quruculuğu prosesi Ümummilli Liderimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bugünkü konfrans da Ulu Öndərin çoxşaxəli fəaliyyətinin mühüm istiqaməti olan ordu quruculuğu sahəsindəki xidmətlərinə həsr edilib.

Sonra ulu öndər Heydər Əliyevə həsr edilən film nümayiş olunub.

Konfransda tarix elmləri doktoru, Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti, ehtiyatda olan polkovnik Mehman Süleymanovun ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Ali Baş Komandan institutu” və “Azərbaycanda Ali Baş Komandanlıq institutunun Heydər Əliyev mərhələsi” kitablarının təqdimatı olub.

Kitablar haqqında məlumat verən müəllif qeyd edib ki, ulu öndər Heydər Əliyev dövlət quruculuğunun bütün istiqamətlərində olduğu kimi, ordu quruculuğu sahəsində də son dərəcə zəngin irs miras qoyub. Təqdim olunan kitablar bu irsin araşdırılması, öyrənilməsi sahəsində ilk addımlardır.

Qeyd olunub ki, “Ali Baş Komandan institutu” kitabında Ali Baş Komandanlıq institutunun elmi nəzəri əsaslarının araşdırılmasına xüsusi diqqət yetirilib. Nəşrdə ölkənin təhlükəsizliyinin təmin edilməsində xüsusi rolu olan Ali Baş Komandan institutunun mahiyyətinin, funksiya və fəaliyyət prinsiplərinin, habelə hərbi siyasətin, hərbi təşkilatın, hərbi idarəetmənin nəzəri əsasları, Ali Baş Komandan institutunun Azərbaycanda formalaşdırılması məsələləri ətraflı tədqiq olunub.

İkinci nəşr barədə də məlumat verən müəllif diqqətə çatdırıb ki, “Azərbaycanda Ali Baş Komandanlıq institutunun Heydər Əliyev mərhələsi” kitabı xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və hərbi təhlükəsizliyinin təmin olunması, ölkəmizdə Ali Baş Komandanlıq institutunun real şəkildə formalaşdırılması sahəsindəki tarixi fəaliyyətinin araşdırılmasına həsr edilib. Bundan başqa, ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu siyasətinin hazırlanması və uğurla həyata keçirilməsi məsələləri də kitabın əsas tədqiqat istiqamətlərindəndir.

M.Süleymanov vurğulayıb ki, hər iki nəşr milli və hərbi təhlükəsizlik məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulub.

Konfrans işini Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən bölmə iclasları ilə davam etdirib.

Son xəbərlər

Orphus sistemi