Hərbi sahədən yazan jurnalistlər üçün təlimlərin ikinci mərhələsi başa çatıb

Hərbi sahədən yazan jurnalistlər üçün təlimlərin ikinci mərhələsi başa çatıb Təlimin keçirilməsinə Azərbaycan Müdafiə Nazirliyi dəstək verib
Hərbi
20 Avqust , 2016 16:44
Hərbi sahədən yazan jurnalistlər üçün təlimlərin ikinci mərhələsi başa çatıb

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycanda hərbi sahədən yazan jurnalistlər üçün keçirilən “Ekstremal jurnalistlərin təcrübə poliqonu təlimləri” layihəsinin ikinci mərhələsinə yekun vurulub.

QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə Müdafiə Nazirliyinin dəstəyi və “Dinc Dünya” Araşdırma Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Layihə Azərbaycan Prezidentinin 2014-cü il sentyabrın 24-də imzaladığı “Cəbhəyanı zonada bəzi təhlükəsizlik tədbirləri” barədə sərəncamına əsasən təşkil olunub.

“Report”un əməkdaşının da qatıldığı təlimdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri və BDU-nun Jurnalistika fakültəsinin tələbələri iştirak ediblər.

Media nümayəndələri Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində birgünlük təlim-seminardan sonra avqustun 7-dən 13-dək rayonlarda yerləşən hərbi hissələrdə müxtəlif təlimlərdə iştirak ediblər. Müdafiə Nazirliyinin bazasında nazirliyin zabitləri, ekspertlər və mövzu üzrə mütəxəssislər tərəfindən keçirilən təlimlərdə jurnalistlər “Hərbi hissənin gündəlik xidmət rejimi”, “Hərbi təlim anlayışı”, “Əsgərin döyüş hazırlığı dərsləri”, “Hərbi həyatda baş verən hadisələrin səbəbləri”, “Tabelikdə olanların (komandir-əsgər) tabelikdə olmayanların (əsgər-əsgər) münasibətləri”, “Nizamnamədənkənar davranışlar, mənfi liderlik (dedovşina) anlayışı”, “İntihar hallarının, sair cinayət olaylarının səbəbləri” mövzusunda təlim-mühazirələr aparılıb.

Layihənin müəllifi və rəhbəri Əlisafa Meydiyev bildirib ki, tədbirin məqsədi təhlükəli vəziyyətlərdən, döyüş yerindən, cəbhədən, terror aktı baş verən ərazidən media materialı hazırlamağın hüquqi, təcrübi və psixoloji normativlərini təlim etmək, yəni cəbhə xəbərlərini yayan media nümayəndələrinə davranış qaydalarını öyrətməkdir. Onun sözlərinə görə, əsas məqsədlərdən biri də Azərbaycanda ilk dəfə keçirilən təlimdə ölkə jurnalistikasında ekstremal jurnalistikanın qaydalar bazasını yartmaqdır.

Jurnalistlər cəbhəyanı ərazidə yerləşən hərbi hissədə müdafiə nazirinin əmrinə əsasən günün nizam rejiminə əməl ediblər. Təlimçilər nazirliyin zabitləri tərəfindən hərbi həyatın xidmət qaydaları ilə tanış edilib, onlara təhlükəsizlik qaydaları barədə məlumat verilib. Nazirliyin bazasında zabit-mütəxəssis heyəti tərəfindən keçirilən təlimlər beynəlxalq təcrübələrə əsasən Dağlıq Qarabağın relyefinə uyğun planlaşdırılıb. Təlimçilər təhlükə zonasında zirehli texnikadan yararlanma tələblərini öyrənib, silahları tanıyıb, yay poliqon təlimində onlardan atəş açıblar. Ümumqoşun təlimində hərəkətdə olan zirehli texnikanın altında uzanmaq, üstündə oturmaq, içərisindən və üzərindən çəkiliş aparmaq, döyüş vaxtı texnikadan yararlanmaq tələb və qaydaları, bu prosesdə reportaj hazırlama qaydaları və döyüş zamanı jurnalistin səngərdə özünə mövqe seçməsi başa salınıb. Döyüş zamanı jurnalistin əsgərin həmişə sol tərəfində olması qeyd edilib. Silahdan çıxan qəlpələr əsgərin sağ tərəfinə töküldüyü üçün bunun jurnalistin həyatına təhlükə yarada biləcəyi qeyd edilib. Eyni zamanda, hadisə yerinə fərqli relyeflərdə getmə qaydaları zamanı dağ relyefində yürümə qaydaları, səngərəqədərki yollarda rastlaşıla bilən maneələrdən keçmə üsulları, ətrafın müşahidəsi üçün mövqe seçilməsi tələbləri, yaralanarkən, xəstələnərkən vəziyyətdən çıxma, xilasolma tədbirləri, çöl şəraitində ac qalarkən təbiətdən qidalanma imkanları öyrədilib. Bundan başqa, “Səngərdə davranma, istehkam qurğularından istifadə, döyüşçülərlə qarşılıqlı münasibətlərin tənzimlənməsi” mövzusunda təlimlər zamanı ön səngərdə gün ərzində döyüş prosesini izləmə, snayperdən, imitasiya vasitələrindən, gözlənilməz xəsarətlərdən qorunma, döyüşçülərlə ünsiyyət qaydaları, savaşın prinsiplərini anlama, məlumat alma və toplama keçirilib. 

Həmin gün media nümayəndələrinə ovalıq relyefdə səngərə – təhlükəli zonaya getmə üsullarını, haqqında informasiya verilməli və ya verilməməli olan qurğunun, ərazinin taktiki xüsusiyyətləri öyrədilib. Həmçinin, ön səngərdə ərazinin taktiki xüsusatları, təbii (meşələr, çaylar, göllər) qurğuların məsafəyə görə ölçülməsi, ərazinin topoqrafik elementləri, ərazidən keçilmə imkanı, ərazinin qoruyucu, müşahidə şəraiti, maskalayıcı vasitələrin, mühəndis təchizatı şəraiti, ilin fəsillərinə görə ərazinin taktiki xüsusiyyətləri, məsafənin müşahidə və s. üsulla ölçülməsi, gözəyarı məsafə təyinində tətbiq olunan üsullar, səsin yayılma sürətinə görə, dinləmə yolu ilə məsafənin təyin olunması başa salınıb. Təlimçilərə hərbi obyektdə qarşılaşa biləcəkləri problemlərdən qorunma, lazımi informasiyanın verilməsi, zabitlərin qarşılıqlı münasibətlərinin tənzimlənməsi, informasiya siyasətinin aparılması, hərbi sirrin qorunması tələbləri, informasiya verməkdə səriştəli olmaq, hərbi olaydan, obyektdən, silah və texnikadan yazıların məntiqinin düzgün şərtlənməsi üçün lazım olan söz, söz birləşməsi, frazeoloji birləşmələr, termin və abreviaturalar çatdırılıb. Jurnalistlərin hərbi obyektdən toplamalı olduqları informasiyanı zabitdən, ümumiyyətlə döyüşçüdən necə alma qaydaları da öyrədilib.

Jurnalistlər Şəmkir rayonu ərazisində yerləşən təlim bazasında minalanmış sahədə hərəkət qaydaları və mühəndis istehkam qurğuları ilə tanış olublar. Onlara mühəndis istehkamları piyada və zirehli tank əleyhinə maneə zolaqlarının aşkar edilməsi çatdırılıb.

N saylı hərbi hissənin Tibb Xidmət rəisi əsgərin odlu və soyuq silahdan yaralanması və ona əsgər yoldanışının necə ilkin tibbi yardım göstərməsindən danışıb.

Daha sonra çöl dərslərində dağ ərazisində məhdud şəraitdə sağ qalmağın yolları və üsulları, ərazidə səmtləşmənin üsulları, aryentirlərin seçilməsi, səmtləşmənin mahiyyəti, döyüş şəraitində səmtlər haqda məlumat çatdırılıb. Ərazidə məsafələrin ölçülməsi haqda söhbət aparılıb. Azimutla hərəkət etmənin təşkili ardıcıllığı barədə danışılıb. Ərazidə kəşfiyyat və diversiya qrupları ilə rastlaşma haqda nəzəri biliklər aşlanıb, praktik olaraq nümayiş olunub.

Təlimin sonuncu günü jurnalistlər N saylı hərbi hissədə olublar. Hərbi hissənin zabiti şəxsi heyyətə dağ şəraitində kəşfiyyat fəaliyyətinin qurulması və kəşfiyyat cığırı təlimlərini keçib. Daha sonra həyatda qala bilmənin qaydaları, əlaltı vasitələrdən istifadə edərək kompasın düzəldilməsi, ərazidə qida əldə etmək üçün qurulan tələlər, əlaltı vasitələrdən istifadə edərək ocaq əldə etməyin qaydası öyrədilib.

Son xəbərlər

Orphus sistemi