Yuxarı
    Bağlamaq

    Hərbi Akademiyada professor-müəllim heyətinin say tərkibi müdafiə nazirinin əmri ilə müəyyənləşdiriləcək

    Qurumun strukturuna komandanlıq, tədris şöbəsi, fakültələr, kafedralar, digər şöbə və xidməti bölmələri daxildir

    Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nə əsasən, Hərbi Akademiyanın fəaliyyətinin əsas məqsədi Silahlı Qüvvələri üçün xüsusi ixtisaslar üzrə ali hərbi təhsilli zabit kadrları hazırlamaq və hərbi elmlər sahəsində elmi tədqiqat işlərinin aparılmasını təşkil etməkdir.

    “Report” xəbər verir ki, akademiyanın fəaliyyətinin əsas istiqamətləri tədris, təlim-tərbiyə, metodik, elmi tədqiqat və redaksiya-nəşriyyat işlərindən ibarətdir.

    Qurumun strukturuna komandanlıq, tədris şöbəsi, fakültələr, kafedralar, digər şöbə və xidməti bölmələri daxildir.

    Akademiyanın rəisini və rəisin tədris üzrə müavinini müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Prezidenti vəzifəyə təyin və vəzifədən azad edə bilər. Rəisin digər müavinlərini isə müdafiə naziri vəzifəyə təyin və vəzifədən azad edir.

    Nizamnaməyə görə, Akademiyanın fəaliyyətinin mühüm məsələlərinin müzakirəsi üçün ali idarəetmə orqanı – Akademiyanın Elmi Şurası yaradılır. Elmi Şuranın tərkibini Müdafiə Nazirliyinin aparatının strukturunda Akademiyanın fəaliyyətinə cavabdeh olan rəis təsdiq edir. Elmi Şuranın tərkibinə tutduqları vəzifələrə görə Akademiyanın rəisi (Elmi Şuranın sədri), Akademiyanın rəisinin müavinləri, kafedra rəisləri, tədris, hərbi-elmi şöbələrin, kadrlar xidmətinin rəisləri daxildir. Akademiyanın rəisinin Akademiyanın tabe olduğu rəis qarşısında qaldırdığı vəsatətə əsasən, Elmi Şuranın tərkibinə digər şəxslər də daxil edilə bilər. Elmi Şuranın professor-müəllim heyətindən, elmi əməkdaşlardan və təhsilalanlardan ibarət olan digər üzvləri müvafiq kollektivlərin iclaslarında gizli səsvermə yolu ilə seçilirlər.

    Hərbi Akademiyaya daxil olmaq üçün namizədlərin seçilməsi (sağlamlıq, fiziki hazırlıq və hərbi ixtisaslar üzrə) Müdafiə Nazirliyi tərəfindən aparılır. Akademiyada magistraturaya qəbul biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.

    Akademiyanın şəxsi heyəti daimi və dəyişən heyətdən ibarətdir.

    Daimi heyət komandanlıq, təhsilalanların komandirləri, professor-müəllim və elmi heyətdən, vəzifələri təşkilati-ştat əmri ilə təsdiq edilmiş digər hərbi və mülki qulluqçulardan ibarətdir.

    Professor-müəllim heyətinin say tərkibi tədris yükündən asılı olaraq, müdafiə nazirinin əmri ilə müəyyən edilir.

    Nizamnamədə Akademiyadan xaric edilməklə bağlı əsaslar da qeyd olunub. Belə ki, şəxs təhsil almaq istəmədikdə, səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına əsasən), təhsildə müvəffəqiyyətsizliyinə görə, semestr ərzində hər hansı səbəbdən tədris planı üzrə nəzərdə tutulmuş məşğələlərin ümumi saat hesabının 30%-dən çoxunda iştirak etmədiyinə görə akademiyadan xaric edilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi