​General Zekai Aksakallı: “Türkiyə daim Azərbaycanın yanındadır”

​General Zekai Aksakallı: “Türkiyə daim Azərbaycanın yanındadır” İki ölkənin xüsusi təyinatlı qüvvələri arasında əlaqələrin perspektivləri müzakirə olunub
Hərbi
6 Noyabr , 2014 14:12

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov işçi səfərilə ölkəyə gələn Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanı diviziya generalı Zekai Aksakallını qəbul edib. Bu barədə “Report”a Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, görüş zamanı Z.Həsənov Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daim yüksələn xətt üzrə artdığını, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrin davamlı olduğunu qeyd edib.

Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına uyğun həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələri ilə tanışlıqdan sonra diviziya generalı Z.Aksakallı onların hazırlığı, təchizatı və təminatına yüksək qiymət verərək, iki ölkənin xüsusi təyinatlı qüvvələri arasında qarşılıqlı təcrübə mübadiləsinin, təlim və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini, bu istiqamətdə Türkiyənin Azərbaycanın tərəfdaşı və daim yanında olduğunu qeyd edib.

Sonra Azərbaycan və Türkiyə xüsusi təyinatlı qüvvələri arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşqun iştirak edib.

Son xəbərlər

Orphus sistemi