Yuxarı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Milli Qəhrəmanlarımız” kitabının təqdimatı olub

Səlim Müslümov: Bu kitab nazirliyin vətəndaş cəmiyyətləri ilə əməkdaşlığının bir bəhrəsidir”

Bakı. 12 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirliyin dəstəyi ilə hazırlanaraq nəşr etdirilən, Azərbaycanın Milli Qəhrəmanlarının həyat və mübarizəsi haqqında sənədli materialları əhatə edən “Milli Qəhrəmanlarımız” kitabının təqdimatı olub. 

"Report" xəbər verir ki, tədbirdə millət vəkilləri, ictimai xadimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ayrı-ayrı Milli Qəhrəmanların doğmaları iştirak edib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Vətənin ərazi bütövlüyü və konstutusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə böyük şücaət, igidlik göstərmiş Milli Qəhrəmanlara daim hörmət və ehtiram, qayğıkeş münasibət göstərildiyini, şəhid olan Qəhrəmanların xatirəsinin yüksək tutularaq əbədiləşdirildiyini vurğulayıb: “Xalqımızın tarixi qəhrəmanlıq ənənəsini şərəflə davam etdirmiş, hər birimizdə qürur hissi doğuran Milli Qəhrəmanlarımızın cəmiyyətə daha geniş şəkildə tanıdılması, onların həyat və qəhrəmanlığının geniş təbliği bu gün cəmiyyətdə, xüsusən gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsi baxımından mühüm önəm kəsb edir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş cəmiyyətləri ilə əməkdaşlığının bir istiqaməti də məhz Milli Qəhrəmanların tanıdılması və cəmiyyətdə geniş təbliği məqsədinə yönəlib. Bu istiqamətdə ardıcıl layihələr həyata keçirilir. Hazırda təqdim olunan “Milli Qəhrəmanlarımız” kitabı da nazirliyin vətəndaş cəmiyyətləri ilə əməkdaşlığının bir bəhrəsidir”.

Qəhrəman həmvətənlərimizin həyat və döyüş yolunun təbliğinin, habelə bu kitabın xüsusən indiki dönəmdə çox önəmli məsələlərdən olduğunu qeyd edən S.Müslümov hazırda Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun çox yüksək olduğunu diqqətə çatdırıb.

Nazir bildirib ki, nəsillərdən nəsillərə ərməğan kimi qalacaq bu kitabda Azərbaycanın ərazi bütövlüyünün, konstutusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə misilsiz mərdlik və igidlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı şərəfli adına layiq görülmüş 211 nəfər həmvətənimiz haqqında məlumatlar, onlarla bağlı foto-materiallar toplu halında təqdim edilir: "Kitab bütün Milli Qəhrəmanlarımızı tam əhatə edir. Burada hər bir Milli Qəhrəmanımız haqqında dolğun məlumat əksini tapıb və bu dəyərli kitabın cəmiyyətimizdə maraqla qarşılanacağı şübhəsizdir".

Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı kitabın ərsəyə gəlməsindən bəhs edib. E.Uluxanlı nazirlik tərəfindən “Milli Qəhrəmanlarımız” kitabının hazırlanması və nəşrinə verilən dəstəyin ümumən Milli Qəhrəmanlara və şəhid olan qəhrəmanların xatirəsinə hörmət və ehtiramın əməli bir nümunəsi olduğunu diqqətə çatdırıb, bu dəstəyə görə nazirliyə minnətdarlığını ifadə edib.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Milli Qəhrəmanlarımız” kitabının nəcib və xeyirxah bir mərama xidmət etdiyini, gənc nəslin vətənə sədaqət ruhunda tərbiyəsində onun dəyərli və təsirli vasitələrdən biri olacağını vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva Milli Qəhrəmanlar haqqında nəşr olunmuş kitabın Vətən, xalq, dövlət naminə yaşamaq və mübarizə aparmaq ruhunun daha da güclənməsində xüsusi rola malik olduğunu qeyd edib. Milli Qəhrəmanların hər birinin həyat və döyüş yolunun, şücaətlərinin gənclər üçün bir örnək olduğunu bildirib

Digər çıxış edənlər kitabın Milli Qəhrəmanlarımız haqqında ən dolğun və əhatəli informasiya mənbəyi olmasından, onun qəhrəmanlarımızın tanıdılması sahəsində önəmindən və tərbiyəvi əhəmiyyətindən bəhs ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi