Yuxarı

Məmmədyarov: "Moskva və Bakı arasında silah müqavilələrinin maliyyə dəstəyi ilə bağlı problem yoxdur"

Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq uğurla inkişaf edir

Bakı. 18 mart. REPORT.AZ/ Rusiya silahlarının Azərbaycana tədarükünə dair müqavilələr üzrə ödənişlərlə bağlı problem yoxdur, hərbi-texniki sahədə əməkdaşlıq uğurla inkişaf edir.

"Report" xəbər verir ki, bunu "Kommersant" qəzetinə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Ümumilikdə bizim Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində münasibətlərimiz kommersiya prinsiplərinə müvafiq olaraq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında uğurla inkişaf edir", - deyə E.Məmmədyarov qeyd edib.

O əlavə edib ki, silah müqavilələrinin maliyyə dəstəyi ilə bağlı problem yoxdur.

Azərbaycanın XİN rəhbərinin sözlərinə görə, Bakı müqavilələrə uyğun olaraq bütün ödənişləri edir, lakin onların icrası ilə bağlı problemlər var:

"O mənada ki, Azərbaycana daxil olan silahlar müqavilələrdə qeyd olunan texniki parametrlərə uyğun olmalıdır".

E.Məmmədyarov xatırladıb ki, Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin martın əvvəlində məhz parametrlərlə bağlı problemin nədən ibarət olduğunu anlamaq üçün Bakıya səfər edib və ətraflı izah alıb, heç bir problem qalmayıb.

"Əsas odur ki, mal kondisiyaya uyğun olsun. Sazişlərin bir hissəsi üzrə hər şey plan üzrə gedir. Məsələ burasındadır ki, bir neçə konkret silah növlərinin texniki parametrlərinə düzəliş etmək lazımdır. Və bu, D.Roqozinin sözlərinə görə, ən qısa vaxt ərzində həll olunacaq", - deyə nazir əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi