Yuxarı

DSX rəisi: “Xəzər dənizində neft-qaz infrastrukturunun mühafizəsi gücləndirilib”

Elçin Quliyev: “DSX-nin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar alınır”

Bakı. 18 avqust. REPORT.AZ/ "Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən tədbirlər nəticəsində bu gün ölkəmizdə müasir tələblərə cavab verən güclü sərhəd infrastrukturu yaradılıb".

"Report" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev deyib. 

O qeyd edib ki, dövlət sərhədlərinin etibarlı mühafizəsində mühüm nailiyyətlər əldə olunub, Azərbaycan Sərhəd Mühafizəsi peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə icra etməyə qadir olan qurum səviyyəsinə yüksəlib: "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq dənizdə neft-qaz infrastrukturunun mühafizəsi imkanlarının gücləndirilməsi, dəniz kampaniyasına “Tufan” və “Şahdağ” tipli ən müasir gəmilərin qəbul olunması, dövlət sərhədlərinin əməliyyat və texniki yolla mühafizə imkanlarının genişləndirilməsi bu ilin qürurverici hadisələrindəndir". 

E.Quliyev vurğulayıb ki, bu gün sərhədçilər yüksək peşəkarlıqla vətənin sərhədlərini mühafizə edirlər: "Peşə vərdişlərinin yüksək səviyyədə mənimsənilməsində taktiki təlimlərin keçirilməsi şəxsi heyətin döyüş hazırlığının artmasına xidmət edir. Bu təlimlərin əsas məqsədi şəxsi heyətə vətənə məhəbbət, qələbəyə inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanması, bölmələr arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsidir. İllər keçdikcə təlimlərin məqsədi, miqyası və xarakteri dəyişir, qarşıya daha mürəkkəb vəzifələr qoyulur. Döyüş atışı ilə keçirilən irimiqyaslı əməliyyat taktiki təlimlər zamanı ən müasir silah və texnikadan istifadə edən sərhədçilər sübut edirlər ki, qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetirməyə qadirdirlər. Azərbaycanın hərbi-dəniz tarixində ilk dəfə dənizdə zenit-artilleriya qurğularından və raket komplekslərindən gecə atışlarının yerinə yetirilməsi, ilk dəfə olaraq Mİ-17 helikopterləri ilə gecə uçuşlarının keçirilməsi bu sahədə qazanılan uğurlardandır. Təlimlərdə ən müasir döyüş texnikasından istifadə, raket buraxılışları, zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatanlardan, iriçaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları müvəffəqiyyətlə həyata keçirilir". 

Onun sözlərinə görə, Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır. 

General-polkovnik qeyd edib ki, keçirilən taktiki təlimlərin əsas məqsədlərindən biri də məhz yeni silah və texnikanın şəxsi heyət tərəfindən tam mənimsənilməsinə şərait yaradılması, nəzəri biliklərin təcrübədə qüsursuz tətbiq edilməsi vərdişlərinin mükəmməlləşdirilməsidir: "Eyni zamanda, elmi-texniki tərəqqi sərhəd təhlükəsizliyinin təminatında da insan faktorunun azalmasını mütləqləşdirir. Ölkəmizin sərhəd təhlükəsizliyinin texniki yolla təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Sərhəd məntəqələrində bir neçə ildir ki, səyyar radiolokasiya sistemləri tətbiq olunur. Sərhəd zastavalarının daxili təhlükəsizliyinin təmin edilməsi üçün texniki vasitələr kompleksinin və çevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri, radiolokasiya sistemləri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir". 

E.Quliyev bildirib ki, Dövlət Sərhəd Xidməti sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsini, bütün hərbi hissə və bölmələrdə müasir tələblərə cavab verən yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verilməsini, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasını, maddi-texniki bazanın möhkəmləndirilməsini, yeni silah-sursat, texnika və vasitələrin alınaraq xidmətdə tətbiqini müvəffəqiyyətlə həyata keçirir və Azərbaycan sərhədlərinin toxunulmazlığını təmin etməklə, dövləti maraqlara sədaqətlə xidmət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi